Türkiyəli ədib Nurullah Gənc Azərbaycan Yazıçılar Birliyinin sədri ilə görüşüb - FOTO

"Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış şairi, professor Nurullah Gənc və həmin ictimai birliyin sədri, milət vəkili Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyində bu birliyin sədri, xalq yazıçısı Anarla görüşüb.

SİA-nın məlumatına görə, hörmətli qonağı salamlayan xalq yazıçısı Türkiyədən gəlmiş bir qonağı qəbul etməkdən məmnun olduğunu bildirərək, "əslində Azərbaycanın Türkiyə vətəndaşı, Türkiyənin Azərbaycan vətəndaşı üçün yad yer olmadığını, ikinci vətən olduğunu bildirib. Üstəlik, əgər bu qonaq yazarsa, şairsə, onun Yazıçılar Birliyinə gəlişi ikiqat məmnunluq doğurur" - deyə vurğulayıb. Milli Məclisin üzvü Qənirə Paşayevanın eyni zamanda Yazıçılar Birliyinin də üzvü olduğunu qeyd edən xalq yazıçısı Anar onun istər millət vəkili, istərsə də ictimai birlik rəhbəri kimi və bir yazar kimi çox fəal vətəndaşlıq mövqeyi ilə seçildiyini, özəlliklə, Azərbaycan - Türkiyə ictimai - mədəni əlaqələrinin inkişafında yaddaqalan fəaliyyətlər gerçəkləşdirdiyini bildirib. Professor Nurullah Gəncin bu səfərini maraq və məmnunluqla qarşıladığını deyən AYB sədri, qarşılıqlı ədəbi, mədəni əməkdaşlığın perspektivlərindən söz açıb, AYB-nin həyata keçirdiyi layihələr barədə məlumat verib.

Millət vəkili Qənirə Paşayeva səmimi sözlər və qəbul üçün Anara minnətdarlıq edərək, Nurullah Gəncin zəngin səfər proqramı barədə, ümumən bu səfərin məqsəd və məramı barədə ətraflı məlumat verib, ümummili lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladaraq, belə layihələrin iki qardaş ölkənin daha da yaxınlaşmasına xidmət etdiyinə inandığını bildirib.

Xanım millət vəkili Azərbaycanla Türkiyə arasında, ümumən Türk Dünyasında mədəni inteqrsiyadan danışaraq, "ortaq keçmişdən ortaq gələcəyə" getmək üçün ədəbiyyatın, mədəniyyətin, mədəniyyət xadimlərinin üzərinə böyük missiya düşdüyünü ifadə edib.

Qənirə Paşayeva Nurullah Gəncin yaşam və yaradıcılıq yolundan söz açaraq, ədəbiyyat xadimləri və ədəbi təsisatlar arasındakı bağların getdikcə daha da güclənəcəyinə inandığını bildirib.

Səmimi sözlərə və ona göstərilən qonaqpərvərlikyə görə, xalq yazıçısı Anara və millət vəkili Qənirə Paşayevaya təşəkkür edən Nurullah Gənc Azərbaycanı öz vətəni bildiyini, Türkiyədən heç ayırmadığını, buradan zəngin təəssüratlarla dönəcəyini bildirib. Ədəbiyyatın, mədəniyyətin xalqların, ölkələrin yaxınlaşmasında yeri və rolu barədə fikirlərini bölüşən professor Gənc, Azərbaycan və Türkiyə misalında bu yaxınlaşmaya daha böyük zəminin olduğunu vurğulayıb. Bu zəmini eyni kökdən gəlməyimiz, eyni mədəniyyət və inancı paylaşdığımız, eyni adət-ənənəyə malik olmağımızla bağlayan Türkiyəli professor fikrini Osmanlı sultanları tarixindən gətirdiyi bir misalla tamamlayıb: "hər kəs əlini daşın altına qoymalıdır. Əlini daşın altına qoyan oradakı altunu bulacaqdır".

Qeyd edək ki, görüşdə AYB-nin katibi Arif Əmrahoğlu, yazıçı-publisist Əkbər Qoşalı, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim və digər şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə