EBU Ermənistanın “Eurovision”dan imtinasını pisləyib

Qurumun baş direktoru İnqrid Deltenre: "Ermənistanın qərarının özü üçün nəticələri çox ciddi olacaq"


Avropa Yayımları Birliyi (EBU) Ermənistanın "Eurovision"dan imtinasını pisləyib. Qurumun baş direktoru İnqrid Deltenre Cenevrədə keçirilən mətbuat konfransında Ermənistanın uydurma bir bəhanə ilə "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etməkdən vaz keçməsi barədə AzərTAc-ın müxbirinin sualına belə cavab verib: "Ermənistan əvvəlcə mahnı müsabiqəsində iştirak etmək üçün müraciət etmişdi. Bu ölkəyə təhlükəsizliklə bağlı hər cür təminat verilib. Lakin sonradan o, özbaşına bu müsabiqədə iştirak etməməyi qərara alıb. Biz çox təəssüflənirik. Hesab edirik ki, bu, bizim qaydalara ziddir. Ermənistana hər cür təminat verilib. Bu barədə çox ciddi danışıqlar aparılıb. Ermənistanın bu qərarının onun özü üçün nəticələri də çox ciddi olacaq. Bütün bunlar bizim üçün qəbuledilməzdir".


Xatırladaq ki, bundan bir qədər əvvəl EBU-nun KİV ilə iş üzrə idarəsinin direktoru Annika Niberq-Frankenhauzer də öz növbəsində bildirib ki, Ermənistanın bu cür hoqqabazlığına görə təşkilat onu cərimə edib. Onun sözlərinə görə, bu qərar EBU-nun Televiziya Komitəsi və Referent Qrupu tərəfindən bu məsələ öyrəniləndən sonra qəbul edilib. Nəticədə Ermənistan həm müsabiqədə iştirak haqqını, həm də bu haqqın yarısı məbləğində cərimə ödəməli olacaq. Bundan əlavə, Ermənistanın İctimai Televiziyasına tapşırılıb ki, müsabiqənin finalı "birbaşa efirdə və fasiləsiz" yayımlansın. EBU-nun nümayəndəsi daha sonra bildirmişdir ki, Ermənistan bundan imtina edəcəyi təqdirdə bu ölkə 2013-cü ildə Avropa Yayımları Birliyinin üzvü olan dövlətlər arasında keçirilən müsabiqədə iştirak etmək hüququndan məhrum edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...