Alim Qasımov: “Azərbaycanda toy biznesi bağlansa, oxuyanı çıraqla axtaracaqsınız”- MÜSAHİBƏ

Alim Qasımov: “Azərbaycanda toy biznesi bağlansa, oxuyanı çıraqla axtaracaqsınız”- MÜSAHİBƏ

Azərbaycanın xalq artisti, dünyaca məşhur xanəndə, Alim Qasımov səsinin avazı ilə hər kəsi heyrətləndirməkdədir. Sənətkar Azərbaycan muğamını dünyaya tanıdaraq musiqi aləminə öz möhürünü vurub.


SƏS TV-ə müsahibə verən xanəndə musiqimizdən söz açmaqla yanaşı ürəyində qalan gizli məqamlardan da danışdı.


-Azərbaycan tamaşaçısının zövqündən razısınız? Fikrincə, onlar düzgün şəxsləri qəbul edirlər?


- Əgər hansısa mahnını dinlədikdə zövq vermirsə, demək o mahnıya qulaq asıb pul verməməliyik. Heç kimin adını çəkə bilmərəm ki, mənasız oxuyur və ya səsi yoxdur. Kim ki, pis mahnılara qulaq asır, hər halda bir gün oyanıb düzgün istiqamət tutacaq. İnsan mənəvi mahnıya qulaq asdıqca içindəki paxıllığı azalır, daxilində rahatlıq yaranır, qəlbən təmizlənir.


- Azərbaycan musiqisində bəyəndiyiniz və zövq aldığınız ifaçılar varmı?


-Zövq aldığım xanəndələr və ifaçılar çoxdur. Öz ustadlarım Ağaxan Abdullayev və Hacıbaba Hüseynovun səslərini çox bəyənirəm. Eyni zamanda Qədir Rüstəmovun, Rübabə Muradovanın, Babək Kələntərlinin səslərini çox sevirəm. Sözün əsl mənasında adam mənəvi rahatlıq tapır. Bu kimi insanlara qulaq asdıqca adamın bir anda halı dəyişə bilir. Odur ki, adlarını qeyd etdiyim sənətkarları tez-tez televiziya məkanlarında göstərmək lazımdır ki, gələcək nəsil onlardan dərs götürsün. İndi ki, dövrdə bir məqam var ki, gəclər oxuyur, yaşlı nəsil isə qulaq asır. Yəni ki, keçmişin forması itdiyinə görə bərpa etmək lazımdır.


-Şou-biznes nümayəndələrinin toya getməyinə necə baxırsız?


-Azərbaycanda toya getmək çox asandır. Çünki övladına toy etmək istəyən öz istədiyi müğənnini baha qiymətə toyuna dəvət edir. Ancaq bilmir ki, 2 min manat pul verib gətizdirdiyi ifaçının səsi yoxdur. Odur ki, pulu dəqiq yerə xərcləmək lazımdır. Azərbaycanda toy biznesi bağlansa, oxuyanı çıraqla axtaracaqsınız.


-Estrada janrından muğam janrına keçən ifaçılara qarşı münasibətiniz necədir?


-Bəzi cavanlarımız var ki, muğamı öyrəniblər, oxuyurlar. Ancaq muğamı yalandan yox, həqiqətən oxumaq lazımdır. Muğamı pərakəndə halda ifa edirlər. Onların ifalarına qulaq asanda qəbul etməyə çalışıram. Ancaq başqa kimsə onların ifalarını dinləsə, qəbul edə bilməyəcək. Pop musiqisinin bəzi sözlərinə görə tamaşaçıları aldanıb qulaq asdırmaq olur. Ancaq muğam tam fərqlidir. Çünki muğamda fəlsəfə var. Azərbaycan xanəndələri muğamı xarici ölkələrdə oxuyanda sözlərini başa düşmürlər. Çünki bizim muğam qəlizdir.


-Azərbaycan Bakıda keçiriləcək "Eurovision" 2012 mahnı müsabiqəsinə tam hazırdırmı?


-Xarici ölkələrdə bir çox böyük festivallarda olmuşam. Hər zamanda arzu etmişəm ki, belə yarışmalar Azərbaycanda da keçirilsin. "Eurovision" 2012 mahnı müsabiqəsinin bizdə keçirilməsinə yaxşı baxıram. Çünki bütün dünya bizi tanıyacaq. Mənəvi cəhətdən də görəcəklər ki, bizim insanlar çox tərbiyəlidir. Yəni ki, musiqiyə qiymət verməyi bacarırlar. Bu baxımdan yaxşıdır. Ancaq bir məqam var ki, sözügedən yarışma biznes kimidir. Çünki gələcək nəsli yüngüllüyə doğru səsləyir. Bu yarışmaya balaca uşaqdan tutmuş yaşlı nəslin nümayəndələrinə qədər çox ifaçı qatılmaq istəyir. Azərbaycanlığından çıxardır. Yəni ki, bir növ azərilər özlərini xarici vətəndaşlara oxşatmaq istəyir. Eyni zamanda hər kəs ingilis dilində oxumağa can atır. Əgər oxuya bilirlərsə, oxusunlar. Çünki sözləri dəqiq olmalıdır. Bizim də ifaçılar qısa geyinib bədənlərini çölə qoyaraq özlərini "Eurovision" sakini hesab edirlər. Ona görə də yaxşı şeyləri reklam etmək lazımdır ki, cavanların marağı düzgün istiqamətə yönəlsin. Odur ki, "Eurovision" yarışmasının bu baxımdan qorxusu var. Azərbaycanı layiqincə tanıtmaq üçün çatışmayan cəhədlərini ört-basdır etməliyik.


-Açıq - saçıq geyinən məşhurlara münasibətiniz necədir?


-Kim nə istəyir geyinsin. Ancaq daha çox qabardıb hündürlərə qaldıran gənc nəsil də onlara oxşamaq istəyir. Ona görə də bir az qorxuludur. Yoxsa kiminsə geyiminə etirazım yoxdur. Kim necə istəyir elə də geyinsin.


-Nə üçün Azərbaycan müğənniləri konsert verən zaman zalı tamaşaçılarla doldura bilmək əvəzinə, biletləri qohum və ya qonşularına paylayırlar?


- İfaçı disk hazırlayıb satışa buraxanda çəkdiyi əziyyətin bəhrəsini görə bilmir. Muğama və digər janrlara qulaq asan insanların zövqü fərqli olduğundan da konsert salonları boş qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə