“Bir dəlinin xatirə dəftəri” YUĞ teatrında açılacaq- FOTO

“Bir dəlinin xatirə dəftəri” YUĞ teatrında açılacaq- FOTO

Bu gün Azərbaycan Dövlət YUĞ Teatrının binasında "ADARİ FİLMS" production-ın yeni layihəsi olan Nikolay Qoqolun əsəri əsasında hazırlanan "Bir dəlinin xatirə dəftəri" adlı tamaşaya baxış keçiriləcək. SİA-nın məlumatına görə, layihə teatrın nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzinin (CCİ) dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri və tamaşanın prodüseri "ADARİ FİLMS" Production-ın direktoru, Azərbaycan Yazıçılar İttifaqının və Kinematoqraflar İttifaqının üzvü İradə Bağırzadədir. İradə Bağırzadə Rüstəm İbrahimbəyovun Bakı Beynəlxalq Kino Məktəbinin məzunudur. Bu günə qədər teatr və kino sahəsində bir sıra mühüm layihələr həyata keçirib.

"ADARİ FİLMS"in növbəti layihəsi olan N.V.Qoqolun "Dəlinin qeydləri" əsəri əsasında hazırlanmış monotamaşa türk dilində oynanılacaq. Sözügedən layihə daha çox beynəlxalq festivallar üçün nəzərdə tutulub. Kasıb teatr estetikasında monotamaşa üslubunda hazırlanan "Bir dəlinin xatirə dəftəri" tamaşası Qoqol irsinə qeyri-ənənəvi münasibətlə, incə psixologizmlə seçilir.

Tamaşanın quruluşçu rejissoru və ifaçısı Elvin Adıgözəl Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Kino və teatr sahəsində rejissor, ssenarist və aktyor kimi çalışır. Tamaşanın rəssamı Əli Həsənov, musiqi tərtibatçısı Eldar Albertson, işıqçısı Nicat Xəlilov, foto və video çəkilişlərin müəllifi Ru (Rüfət) Həsənov və Seymur Seyidbəylidir. Tamaşada Messian, Maskani, Ştokhauzen, Haydn, List, Culiani, Vivaldi kimi bəstəkarların musiqilərindən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə