Gürcüstan təmsilçisi: “Biz Səbinə ilə məğlubedilməz dostlarıq”

Gürcüstan təmsilçisi: “Biz Səbinə ilə məğlubedilməz dostlarıq”

Milli Finaldakı qələbədən sonra yenidən iş başına keçən Gürcüstanın Eurovision 2012-dəki təmsilçisi Anri Jokhadze Bakıya gəlişini səbrsizliklə gözləyir. Səfər öncəsi isə Anri eurovision.az saytının suallarını cavablandırıb. SİA müsahibəni olduğu kimi təqdim edir:


- Milli Finaldakı qələbə münasibəti ilə sizi təbrik edirik. Qələbədən sonra özünüzü necə hiss edirsiniz?

- İlk növbədə təbriklərə görə çox sağ olun. Düzünü deyim ki, hələ məndə qələbə hissləri yoxdur. İşlərim çoxdur və may ayındakı müsabiqəyə hazırlaşıram.


- Hazırlıqlar necə gedir və tamaşaçıları sizin şouda nə gözləyir ?

- Sirrlərimi hələ açıqlamaq istəmirəm. Söz verirəm ki, joker sizin üçün sözün əsl mənasında gözəl bayram təşkil edəcək. Tamaşaçılar isə bunu heç vaxt unutmayacaqlar.


- Sizcə, qələbə üçün daha çox nə vacibdir, gözəl musiqi, performans, yoxsa güclü səs?

- Əlbəttə ki, hamısı bir yerdə.


- Müsabiqə ərəfəsində tanıtım turları çərçivəsində Bakıya hazırlaşırsınız?

- Bu, mənim işlərimdən asılıdır. Alınsa, böyük məmnuniyyətlə gəlmək istərdim.


- Musiqi fəaliyyətinə nə vaxtdan başlamısınız?

- Uşaq yaşlarından oxuyuram. Çoxlu sayda müsabiqələrdə iştirak etmişəm. Eurovision Mahnı Müsabiqəsi iştirak edəcəyim 14-cü yarışma olacaq. Musiqilərimi özüm yazıram, kliplərimi də özüm çəkirəm. Hətta həmkarlarım üçün prodüserlik də edirəm. Eurovision Mahnı Müsabiqəsindən sonra isə myuzikl çəkəcəm və premyeraya sizi də dəvət edəcəm.


- Biz bilirik ki, Azərbaycanın Eurovision 2012 təmsilçisi Səbinə Babayeva ilə dostsunuz.

- Bəli, biz artıq neçə ildir ki, dostluq edirik. Bu dostluğun tarixi 1999-cu ildən başlayır. O vaxt hər ikimiz Vitebskdə "Slavyan Bazarı" müsabiqəsində iştirak edirdik. İndi biz məğlubolunmaz dostlarıq. O, tez-tez Gürcüstana bizə qonaq gəlir. Səbinə Gürcüstan Milli Finalında qonaq kimi iştirak edəndə sevincimin həddi-hüdudu yox idi. Mən qələbə qazananda isə o, mənim yanımda idi. Bilirəm ki, Bakıda müsabiqə zamanı mən ifa edəndə o, mənim yerimə həyəcan keçirəcək, eyni hissləri də Səbinə səhnədə olanda mən yaşayacam.


- Ən güclü rəqibiniz kimdir?

- Ad çəkmək çətindir. Ən böyük gözləntilərim isə Azərbaycandandır, mənim əziz dostum Səbinədən.


- Bakıda olmusunuz?

- Bakını çox sevirəm. İçərişəhərdə gəzməkdən xüsusi zövq alıram. Səbinəgildə çox qonaq olmuşam.


- Azərbaycan musiqisi haqqında fikirləriniz də bizim üçün maraqlıdır.

- Bir sözlə desək, Azərbaycan musiqisi heyrətamizdir.


- Və oxucularımıza arzularınız....

- Gürcüstana səs verin. Mən də sizin üçün oxuyacam. Eurovision 2013-ü özünüzdən uzaq buraxmayın. Çox sag olun, Bakıda görüşənədək.

Bütün xəbərlər Facebook səhifəmizdə