Azərbaycan və Latviyanın Rəssamlıq Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb- FOTO

Azərbaycan və Latviyanın Rəssamlıq Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb- FOTO
Keçən aydan start götürən Latviya günləri davam edir. "Latviyanı duyun" şüarı bu dəfə İçərişəhərdə "Qız Qalası" rəsm qalereyasında səslənib. SİA-nın məlumatına görə, \"Qız Qalası" rəsm qalereyasında iki məşhur latviyalı rəssam, Aleksey Naumov və Andris Vitolinsin çəkdiyi rəsmlərdən ibarət sərgi açılıb. Rəsmlər arasında həm Latviyanın müxtəlif görüntülərini özündə əks etdirən şəkillər, həm də özünə məxsus əsərləri ilə fərqlənən rəssam Andris Vitolinsin sənaye xarakterli texniki konstruksiyası yer alıb. Eyni zamanda onun "Arzulanan evlər" seriyasından olan maraqlı əsərləri sərgilənib.


Açılış mərasimində Latviyanın Azərbaycandakı səfiri Hardie Baumanis, Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və digər incəsənət xadimləri iştirak edib. Qalereyada iştirak edən qonaqlara Latviya içkiləri və balzamları təqdim olunub.


Bu gün isə Azərbaycan Rəssamlıq Akademiyasında Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov gənc rəssamlarımız üçün master-klass keçib. Daha sonra hər iki ölkənin Rəssamlıq Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.


Qeyd edək ki, "Qız Qalası" qalereyasında Latviya rəssamlarının sərgisi dekabrın 17-ə kimi davam edəcək. Tədbirin təşkilatçıları Latviyanın sərmayə və inkişaf agentliyi, Latviyanın Azərbaycandakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), dəstəkçiləri Latviyanın Baltikums Bankı, Layma şokolad fabriki, Riqa süd kombinatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə