Mübariz İbrahimovun xatirəsinə həsr olunan Festivalının qalibləri məlum olub

Mübariz İbrahimovun xatirəsinə həsr olunan Festivalının qalibləri məlum olub

Bu gün Gənc Tamaşaçılar Teatrında Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan I Ümumrespublika Teatr Festivalının qala konserti və mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq ümummilli lider Heydər Əliyevin səsləndirdiyi \"Mən həmişə fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam\" fikri ilə bağlı qısa film nümayiş olunub.


Məlumat üçün bildirək ki, tamaşalar peşəkar insanlar tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin tərkibində xalq artisti Amaliya Pənahova, telejurnalist Nərgiz Cəlilova, rejissor Vaqif Əsədov, teatrşünas Aydın Talıbzadə və aktrisa Yaqut Paşazadə olub.


Filmin ardınca isə münsiflərin heyətinin tərkibində təmsil olunan şəxslər tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.


Gənclər və İdman Nazirliyinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalında I yerə 1500, II yerə 1000, III yerin qalibinə isə 750 AZN pul mükafatı verilib. Bununla yanaşı, 3 nominasiya üzrə- ən yaxşı aktyor (Ucar Mədəniyyət Evini təmsil edən Elçin Aslangi), ən yaxşı aktrisa (Lamiyə Səlimova) və yaxşı ssenari müəllifi üzrə qaliblərin adları açıqlanıb.


Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur. Festivalın devizi kimi Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri seçilib. 4 bölgə- İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarında keçirilən və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb.


Millət vəkili Jalə Əliyeva bildirib ki, festivala iyul ayından etibarən start verilib: "Mübariz İbrahimov Vətən uğrunda canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərib. Biz də bunu əbədiləşdirmək, gənclərimizə bir örnək göstərmək məqsədilə belə bir festivalın keçirilməsinə qərar verdik. Bu teatrda peşəkarlar yox, yaradıcı gənclər iştirak edir".


Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. Festival çərçivəsində ölkədə ilk dəfə Art Kamp keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə