“ƏDV-yə yox deyək, kitaba dəstək verək!”

“ƏDV-yə yox deyək, kitaba dəstək verək!”

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "ƏDV-yə yox deyək, kitaba dəstək verək!" adı altında dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada AYB-nin sədri, xalq yazıçısı Anar, AYB katibləri Çingiz Abdullayev, Fikrət Qoca, Milli Məclisin deputatları Elmira Axundova, Rəbiyyət Aslanova, Hüseynbala Mirələmov, Sabir Rüstəmxanlı, Musa Quliyev və digər tanınmış simalar iştirak ediblər.


Ç. Abdullayev Azərbaycanda kitab satışında ƏDV-nin olmasından narazılığını ifadə edib: "Bu günə kimi bu mövzu ətrafında çox danışılıb, müzakirələr aparılıb. Nəhayət, problemin aradan qaldırılması üçün rəsmi olaraq Milli Məclisə müraciət hazırlamaq qərarına gəldik. Bu gün dünyanın çox ölkəsində, elə qonşu ölkələrdə kitab satışında ƏDV yoxdur, varsa da cüzidir. Bu hal əslində ölkəmizdə kitab oxuyanların sayının azalmasına səbəb olur. Bir kitab mağazası 18% ƏDV ödəyirsə, bir kitabın üzərinə 30-40% əlavə qiymət qoymalıdır ki, cibinə nə isə getsin. Nəticədə kitabların çox baha satılması onsuz da çox az olan oxucuların daha da azalmasına səbəb olur".


"Gürcüstanda 47, Ermənistanda 39 faiz kitab oxucusu olduğu halda, bu göstərici Azərbaycanda 11 faizdir. Bu hələ rəsmi göstəricidir və bilirəm ki, əslində bizim göstərici bundan da aşağıdır. Hətta Sankt-Peterburqda son illər bu göstərici 64 faizə enib. Onlar düşünürlər ki, o şəhərdə qafqazlıların sayının artması səbəbindən oxucu sayı azalıb",- deyə katib əlavə edib.


Yazıçı Azərbaycanda kitaba qarşı olan münasibətdən təəssüfləndiyini də bildirib: "İnsanlar, xüsusən gənclər televiziya ekranlarında il ərzində bir kitab belə oxumadıqlarından ağız dolusu söz açırlar. Hətta tanınmış insanlara belə sual ünvanlayanda dərin fikrə qərq olub illər əvvəl oxuduqları kitabların adını düşünürlər. Azərbaycanda kitab mağazalarının olmaması da çox ağrılı məsələdir. Əvvəllər ölkədə 100-dən artıq kitab mağazası var idi və təəssüflə bildirirəm ki, bu mağazalar bağlanmayıb, hamısı satılıb. Bu gün isə paytaxtda kitab satılan iki böyük məkan var, bölgələrdən isə danışmağa dəyməz. Sonra da bölgədəki insanları qınayırıq ki, kitab oxumurlar. Hər halda bölgə əhalisi kitab almaq üçün uzun məsafə qət etməyəcək. Bu inandırıcı bir şey deyil".



Bütün xəbərlər Facebook səhifəmizdə