Musiqili Komediya Teatrında yeni səs

102-ci mövsümünü yaşayan Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların teatra cəlb edilməsinə xüsusi diqqət yetirir. Teatr bu dəfə solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən istedadlı tenor Cavid Hüseyni kollektivə dəvət edib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Musiqili Komediya Teatrında fəaliyyətə başlayan Cavid Hüseyn artıq "Qısqanc ürəklər" (R.Mirişli, M.Haqverdiyev) və "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov) tamaşaları üzərində işləyir. Aktyor-vokalistin 2011-2012-ci il repertuar planına daxil olunmuş yeni tamaşalarda da çıxış edəcəyi gözlənilir.

Təbriz şəhərində anadan olan Cavid Hüseyn 1985-ci ildən Əli Səliminin rəhbərlik etdiyi Təbriz Radio və Televiziyasının Orkestrində solist kimi fəaliyyət göstərib. İlk dəfə Bakıya 1991-ci ildə məhz həmin orkestrin tərkibində gələn vokalist 1997-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsinə daxil olub. 1999-cu ildən müxtəlif ölkələrdə – Amerikada, Avstraliyada, Almaniyada, Malaziyada, Kanadada, İngiltərədə, Belçikada, Hollandiyada, Rusiyada,Türkiyədə solo konsertlər vermiş, Azərbaycan mədəniyyətini uğurla təmsil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə