“Kişi və qadın” Mingəçevir teatrında

Əli Əmirlinin "Kişi və qadın" adlı iki hissəli epataj komediyası əsaslı təmirdən sonra 43-cü teatr mövsümünü açan Mingəçevir Dövlət Dram Teatrının ifasında tamaşçılara təqdim edilib. Bu barədə SİA-ya məlumat verən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Həsən Həsənov bildirib ki, bu tamaşa Əli Əmirlinin Mingəçevir teatrında tamaşaya qoyulan dördüncü əsəridir. Dramaturqun komik-dramatik səpkidə işlədiyi bu komediyada dramatik situasiya gözlənilməz olduğu qədər də maraqlıdır. Hadisələr tamaşaçının diqqətini elə ilk səhnələrdən səfərbər edir".

"Bir-birlərini əvəz edən qəfil dönüşlərlə, gərgin psixoloji məqamlarla müşayiət olunan komik səhnələr, ekssentrik vəziyyətlər, vərdiş etdiyimiz həyat normalarını pozan epataj hadisələr quruluşçu rejissor Sərvər Əliyevin yozumunda adi məişət komediyası modelində deyil, sırf teatral həyat modeli kimi təqdim edilir. Tamaşanı müşayiət edən sürəkli alqışlar işin uğurlu alınmasının bariz göstəricisi idi. Bu alqışlar bizim üçün çox yüksək qiymət oldu. Tamaşada teatrımızın istedadlı aktyorları gözəl oyun göstərə bildilər. Fürsətdən istifadə edib onların hamısının adını çəkmək istərdim: Günel Əhmədova, Şıxı Yaqubov, Zülfi Məmmədov, Fəridə Məmmədova, Ruhəngiz Abdullayeva, Afət Əliyeva və rejissorun özü Sərvər Əliyev. Tamaşanın rəssamı Rafael Haşımov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Cəsarətlə deyə bilərəm ki, Mingəçevir teatrı çoxdan belə bayram əhvalında olmamışdı",- deyə direktor əlavə edib.

Qeyd edək ki, əbədi bir mövzuya – kişi və qadın münasibətlərinin qəribəliklərinə həsr olunan bu komediyanı dramaturq 2004-cü ildə qələmə alıb və əsər elə yazıldığı ildə də Dövlət Gənclər Teatrında mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda uğurla səhnələşdirilib. Bundan sonra əsər ölkənin bir sıra teatrlarına da vəsiqə alıb. Sonuncu dəfə "Kişi və qadın" bu ilin aprel ayında Qusar Dövlət Dram Teatrında ləzgi dilində səhnələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə