Avropa İttifaqı Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının bölmə rəhbəri Azərbaycanda səfərdədir

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının bölmə rəhbəri Azərbaycanda səfərdədir
Bakıda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı" çərçivəsində dəyirmi masa keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib.


Bu məqsədlə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı Regional Monitorinq və İmkanların Gücləndirilməsi Bölməsinin rəhbəri Lusiano Qlurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin məqsədi eyni zamanda layihənin iştirakçı dövlətləri ilə əlaqələrin qurulması, milli və regional səviyyədə mədəniyyət, mədəni irs, incəsənət, mədəni turizm sahəsində siyasətin prioritet sahələrinin müəyyən edilməsi, ehtiyacların öyrənilməsi, proqrama dair məlumat və fikir mübadiləsinin aparılmasından ibarətdir. Səfər çərçivəsində noyabrın 1-də dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.


Dəyirmi masada Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda nazirliyin tabeçiliyində olan aidiyyəti qurumların və mədəniyyət sahəsində müstəqil ekspertlərin iştirakı nəzərdə tutulur.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə