Əbülfəs Qarayev Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib. SİA-nın rəsmi saytına istinadən məlumatına görə, ölkələrimizin bir-birinə tarixi əlaqələrlə bağlı olduğu, xalqlarımızın geniş dostluq münasibətlərinə malik olması vurğulanan görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. İkitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Nazir Kiyev şəhərində keçirilmiş MDB iştirakçı dövlətlərin Mədəni əməkdaşlıq üzrə Şurasının XXVI iclasında, "MDB üzv dövlətlərinin elm və yaradıcı ziyalılarının VI forumu"nda və bu forum çərçivəsində təşkil olunmuş MDB-nin Turizm əməkdaşlığı üzrə Şurasının XXIX iclasında iştirak etməsini xatırlayıb və ukraynalı həmkarı M.Kulinyakla 2012-ci ildə Ukraynada Azərbaycan Mədəniyyət Günlərinin, 2013-cü ildə isə Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin keçirilməsinə dair razılıq əldə olunduğunu qeyd edib. Səfir A.Mişenko isə öz növbəsində 2012-ci ilin mart ayının 2-də Ukrayna bəstəkarlarının əsərlərinin Azərbaycan orkestrinin ifasında səsləndirilməsi layihəsi üzərində iş getdiyini və bu məqsədlə Ukraynadan 5 dirijorun ölkəmizə təşrif buyuracağı haqda naziri məlumatlandırıb. Səfir bu cür təşəbbüslərin gələcəkdə də həyata keçirilməsini müsbət hal kimi qiymətləndirib və bu layihəyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstək verilməsini xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB