Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib

Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib

Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib. SİA-nın verdiyi məlumata görə, Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov rayonda həyata keçirilən quruculuq işlərindən danışıb.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, müəllimləri və şagirdləri təbrik edib. V.Talıbov çıxışında ölkəmizdə, o cümlədən də Naxçıvan MR-də mədəniyyətin, incəsənətin inkişafına göstərilən qayğıdan danışıb, uşaq və gənclərə göstərilən hərtərəfli qayğının ulu öndər Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsinin, ümummilli liderimizin siyasi xəttinə sədaqətin nümunəsi olduğunu vurğulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra bina ilə tanışlıq olub. Baxış zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan incəsənət məktəbində 439 şagirdin təhsili ilə 95 müəllim məşğul olur. Yeni binada 64 sinif otağı, müəllimlər otağı, kitabxana, konsert zalı və 4 yardımçı otaq vardır. İncəsənət məktəbində xalq çalğı alətləri, fortepiano, simli alətlər, nəfəs alətləri, rəssamlıq və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada tar, saz, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, qanun, truba, tuba, xanəndəlik və rəssamlıq üzrə dərslər tədris olunacaqdır. Xanəndəlik sinfində şagirdlərə muğam və xalq mahnılarının ifası öyrədiləcəkdir.

V.Talıbov müəllimlərlə söhbət zamanı məktəbdə müasir tələblərə cavab verən yüksək şəraitin yaradıldığını bildirib, bunun müqabilində milli musiqimizin uşaqlara yüksək səviyyədə öyrədilməsinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə