\"Eurovision\"-un milli seçim turuna 85-dən artıq şəxs sənəd verib

\"Eurovision\"-un milli seçim turuna 85-dən artıq şəxs sənəd verib

\"Eurovision-2012\" mahnı müsabiqəsində ölkəmizin təmsilçisini müəyyənləşdirmək üçün oktyabrın 15-dən elan olunan Milli seçim turu davam edir. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədovun SİA-ya verdiyi məlumata görə, bu günədək Milli seçimlərə 85-dən artıq şəxs sənəd verib.


Onun sözlərinə görə, sənəd verənlər sırasında Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da var: \"Builki seçimlərə xarici ölkə vətəndaşlarının da marağı yüksəkdir. Müraciət edənlərdən 10-dək gənc isə ötənilki Milli seçim turlarında da iştirak edib. Bunların sırasına Azad Şabanov, Adil Baxışlı, Habil Əhmədov, Altun Zeynalov və başqaları daxildir\".


Qeyd edək ki, milli seçimlərdə iştirak üçün yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər sənəd verə bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər. Milli seçimlərə sənəd qəbulu oktyabrın 25-dək İctimai Televiziyada aparılacaq.

Müsabiqə tam olaraq Eurovision Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə