“Zirvədəki şəxsiyyətlər Səməd Vurğun – 105”

“Zirvədəki şəxsiyyətlər Səməd Vurğun – 105”
Oktyabrın 31-də xalq şairi Səməd Vurğunun 105 illik yubileyi münasibətilə anım mərasimi keçiriləcək. "Zirvədəki şəxsiyyətlər Səməd Vurğun – 105" adlı tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisi tərəfindən təşkil olunub.

Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər. Burada ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilova çıxış edəcək.

Tədbirin davamı şairin ev-muzeyində olacaq. Tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olacaq və ədəbi-bədii proqrama uyğun çıxışları izləyəcəklər. Tədbirdə S.Vurğunun şeirlərindən nümunələr səsləndiriləcək. Respublikanın xalq artisti Ağaxan Salmanlı, aktyorlar Elşən Rüstəmov, Elşən Şıxəliyev, Eyvaz İbrahimov Səməd Vurğunun "Vaqif" poemasından bir parça göstərəcəklər. Şairin poeziyasından nümunələri Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyev və aktrisa Xalidə Şərifova oxuyacaq. Bundan başqa, tədbirdə teatrın aktyoru İlham Əsədov musiqi parçası ilə çıxış edəcək.

Mərasimdə həmçinin İtaliyada gənc ifaçılar arasında keçirilən Beynəlxalq müsabiqədə birincilik qazanan şairin nəticəsi Vurğun Vəkilov və İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən Beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüş Emin Xəzər musiqi parçası səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə