\"Eurovision- 2012\" mahnı müsabiqəsinin milli seçim turuna start verildi

\"Eurovision- 2012\" mahnı müsabiqəsinin milli seçim turuna start verildi

Gələn il Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsinin seçim turlarına start verilib. Bu barədə SİA-ya məlumat verən İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov bildirib ki, müsabiqə tam olaraq \"Eurovision\" Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq.


Onun sözlərinə görə, müsabiqənin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio təmsilçimizi müəyyən etmək üçün milli seçim turuna start verir: \"Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq\".


Milli seçim turuna qatılmaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:


- Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə dəvət edilir. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.


İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan-Şərifzadə küçəsi, 241) müraciət edə bilər.


Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilən şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə