Hansı filmlərimizin çəkilişləri davam edir?- FOTOSESSİYA

Hansı filmlərimizin çəkilişləri davam edir?- FOTOSESSİYA

Bir çox yeni filmlərimizin çəkilişləri başa çatmaq üzrədir. Bunu SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında eyniadlı bədii filmin çəkilişləri başa çatmaq üzrədir: "Filmin çəkilişlərinin ilkin mərhələsi İsmayıllıda aparılıb: "Dolu" filminin digər epizodları Mingəçevir və Sumqayıtda lentə alınıb. Pavilyon çəkilişləri isə Bakıda reallaşıb. Döyüş səhnələrinin daha inandırıcı alınması üçün İrandan pirotexniklər dəvət olunub".

Y. Şeyxov onu da bildirib ki, dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur.

"25 il bundan əvvəl çəkilən "Qorxma mən səninləyəm" filminin ikinci hissəsinin çəkilişlərinə başlanılıb. Filmin ssenari müəllifi və rejissoru, əslən bakılı Yuli Qusmandır. Əsas rolların ifaçıları isə xalq artisti Lev Durov, xalq artisti Polad Bülbüloğludur. Filmdə həmçinin Nuriyyə Əhmədova, Məbud Məhərrəmov və başqaları rol alıb. Film Azərbaycan və Rusiya kinematoqrafçıları tərəfindən müştərək çəkilir. İlk çəkilişləri Xəzər rayonunun Gürgan qəsəbəsində baş tutan filmin digər kadrları Şüvəlan, Mərdəkan, İçərişəhər və Qax rayonunda çəkiləcək", -deyə sektor müdiri əlavə edib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası Rusiyanın "Weit Media" şirkəti ilə birgə "Qırmızı bağ" adlı tammetrajlı bədii filminin çəkilişlərinin davam etdiyini deyən nazirlik rəsmisi: "Filmin çəkiliş prosesi Şəkidə aparılır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operator Maksim Drozdov, quruluşçu rəssam Vladimir Trapeznikovdur. Filmdəki hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Filmdə orta məktəb müəllimi Abbasla onun həyat yoldaşı Vəfanın məişət qayğılarından bəhs olunur. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın çıxması ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin yaşayışı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir. Filmin 2012–ci ildə hazır olacağı planlaşdırılır",- vurğulayıb.

Yusif Şeyxov bildirib ki, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında filmin çəkilişlərinə başlanılıb: "Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən "Sübhün səfiri" filmin I hissəsi Türkiyədə, II hissəsi Gürcüstanda, III hissəsi isə Azərbaycanda, xüsusi ilə də Şəkidə çəkilir: "Bu filmə əsasən müxtəlif teatrların aktyorları dəvət olunub. Burada 80-ə yaxın obraz var ki, onlarda M. F. Axundovun personajlarını canlandıracaqlar. Artıq İstanbulda çəkilişlər həyata keçirilib. Hansı ki, Axundovun oradakı həyatını əhatə edib". "Film Axundovun həyat və yaradıcılığını əks etdirəcək. Filmin əsas personajı da Axundov özü olacaq. Bu obrazı kimin canlandıracağı artıq məlumdur. Belə ki, Axundovun 30 yaşından ömrünün sonuna qədər olan dövrünü Elşən Rüstəmov canlandıracaq. Filmin operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, kostyum üzrə rəssamı isə Tahir Tahirovdur. Filmin çəkilişlərinin 2012-ci il M. F. Axundovun 200 illik yubileyinə qədər yekunlaşdırılması nəzərdə tutulur".

Cəfər Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında , "Çölçü" filminin çəkilişləri davam edir. Filmin quruluşçu rejissoru Şamil Əliyevdir. "Çölçü" filmi poetik dram janrındadır. "Filmin çəkilişləri Goranboy rayonunun Dəliməmmədli kəndində aparılır. Arxaik dünya ilə modern dünya arasında olan konfliktlər filmin əsas ana xəttini təşkil edir. Filmdə, həmçinin məhəbbətdən də söz açılır. Ekran əsərinin dekorasiya çəkilişləri Bakıda Azərbaycan filmin pavilyonunda davam etdiriləcək. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı isə Rauf Əliyevdir. Filmdə baş rolları aktyor Bəhruz Vaqifoğlu, gürcü aktrisası Salome Demuria, Vidadi Həsənov, çölçünün uşaqlığı isə Cavidan Məmmədov və başqaları canlandırırlar.

Rejissor Samir Kərimoğlu "Mən evə qayıdıram" hərbi-vətənpərvərlik mövzusundakı bədii filmin çəkilişlərini başa çatdırıb. Hazırda montaj işləri başlayıb. "Mən evə qayıdıram" filmi Qarabağ müharibəsinə həsr olunub. Hadisələr aviasiya hissələrindən birində baş verir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişli ilə "Salnamə" studiyasında çəkilən filmdə yerli və rusiyalı aktyorlar çəkiliblər. Ssenari müəllifi İsmayıl Səfərəliyev, quruluşçu operator Ayxan Salar, quruluşçu rəssam – Əziz Məmmədov, filmin direktoru Mahir İbrahimov, icraçı prodüsser Nazim Hüseynovdur.

Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı romanı əsasında "Mahmud və Məryəm" bədii filminin çəkilişlərinə oktyabr ayında start veriləcək. Film Azərbaycanın "Salnamə" və Türkiyənin "24 Karefilms" kinostudiyaları tərəfindən istehsal olunacaq. Filmin rejissorları türk əsilli məşhur britaniyalı televiziya və kino rejissoru Mətin Hüseyndir. Hal-hazırda aktyorların kastinqi aparılır.

Oktyabr ayında start veriləcək çəkilişlərin 95% -i Azərbaycanda aparılacaq. Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur "Mahmud və Məryəm" romanı əsasında film çəkilməsi nəzərdə tutulan eyniadlı ekran əsərində Məryəm roluna kastinqlərə start verilib. Baxışdan keçən qızlar arasında Məryəm roluna ən uyğun gələn namizədi filmin türkiyəli rejissoru təyin edəcək.

Artıq filmin Mahmud rolunun ifaçısı təsdiqlənib. Həmin rol Türkiyənin sevilən aktyorları arasında olan "Bıçaq sırtı", "Aşk təsadüfləri sevər" kimi filmlərdə əsas rolun ifaçısı Mehmet Günsürə həvalə edilib. Mehmet Günsürün Türkiyədə çox izlənilən "Möhtəşəm Yüz Yıl" filmində çəkilməsi "Mahmud və Məryəm" filminin çəkilişləri üçün problem yaratmayacaq. Filmin prodüseri Sevda Kayğısızdır. Filmin çəkilişləri Azərbaycan və Türkiyədə aparılacaq.

Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı planlaşdırılır

Eldar Quliyev "Axırıncı dərviş" filminin çəkilişlərinə isə yeni başlanılıb. Hazırda rejissor ssenarisi üzərində hazırlıq işləri gedir. Gələn ilin ikinci yarısına hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə