Filarmoniyada Vyana Dövlət Kamera Orkestrinin konserti keçiriləcək

Filarmoniyada Vyana Dövlət Kamera Orkestrinin konserti keçiriləcək

20-21 sentyabr tarixlərində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli Vyana Dövlət Kamera Orkestrinin konsertləri keçiriləcək. SİA-nın aldığı məlumata görə, bu məşhur musiqi kollektivinin ölkəmizə ilk səfəridir. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı (18 - 25 sentyabr) çərçivəsində baş tutacaq orkestrin konsertlərində dirijorluğu beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev edəcək. Festivalın əsas təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir. 20 sentyabrda keçirilməsi planlaşdırılan ilk konsertdə Əyyub Quliyevin rəhbərliyi ilə Vyana orkestri Bakıda ilk dəfə olaraq A.Şönberqin "Transfiqurasiyalı gecə", V.A. Motsartın "Divertisment"i və F. Mendelsonun re minor skripka konsertini ifa edəcəkdir. Qeyd etmək lazımdır ki, 13 yaşında ikən Mendelsonun bəstələdiyi skripka konserti ilk dəfə olaraq 1952-ci ildə XX əsrin dunya şöhrətli dirijoru və skripkaçısı İequdi Menuxin tərəfindən aşkar edilmişdir. Əsərin Bakı premyerasında P.Çaykovski və L.Mosart adına beynəlxalq müsabiqənin qalibi, skripkaçı Cexay Lİ (Cənubi Koreya) iştirak edəcəkdir.

İkinci konsertin proqramına (21 sentyabr) isə əsasən Azərbaycan bəstəkarlarının – Üz. Hacıbəylinin, F. Əmirovun və A. Əlizadənin əsərləri daxildir. Fikrət Əmirovun məşhur "Nizami" simfoniyasının ifası konsertin əsas hadisələrindən biri kimi qiymətləndirilir. Həmçinin, konsertin proqramı çərçivəsində ilk dəfə olaraq Bakıda V.A. Mosartın iki fortepiano ilə orkestr üçün konserti ("Lodron") səslənəcəkdir. Konsertin Bakida ilk ifası məşhur pianoçular, Azərbaycanın əməkdar artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında təqdim olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə