Tarzən Ramiz Quliyev kanadalıları heyran edib

Tarzən Ramiz Quliyev kanadalıları heyran edib
Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Toronta və Ontario şəhərlərində geniş konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsertlər nüfuzlu Niaqara Beynəlxalq musiqi festivalı (Music Niagara 2011) çərçivəsində gerçəkləşib. Ramiz Quliyevin festival zamanı nümayiş etdirdiyi ustalıq yerli dinləyicilər və tanınmış musiqiçilər tərəfindən böyük maraqla qarşılanıb.


Müqəddəs Mark Kilsəsində keçirilən qala- konsertdə Ramiz Quliyevi Kanadanın Niaqara "İpək Yolu" Simfonik Orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru İsmayıl Hacıyevdir.


"Beynəlxalq Muğam Dünyası"na həsr olunmuş həmin konsertdə Ramiz Quliyevin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının üverturası, "Heyratı" zərbi muğamı və Həsən Rzayevin "Çahargah" rapsodiyası səslənib. Dinləyicilərin marağını nəzərə alaraq ifaçılar "Çahargah" əsərini yenidən ifa ediblər.


Ramiz Quliyevlə bərabər, konsertdə Niaqara festivalının bədii rəhbəri Atis Bankas, Jefri Verbok, televiziya muğam müsabiqəsinin laureatı Ehtiram Hüseynov, əməkdar artist Həsən Enami, müğənni Yusif Savalan, "Gelato" kvarteti və pianoçu Riad Məmmədov çıxış ediblər.


Növbəti konsert Torontoda Muğam Mərkəzinin açılışına təsadüf edib. Muğam Mərkəzi Azərbaycanın Kanadadakı səfirliyinin təşəbbüsü və dəstəyi nəticəsində yaradılıb. Həmin gecə professor Ramiz Quliyevin ifasında səslənən Azərbaycan klassik muğamları tədbirin maraqlı və yaddaqalan hadisəsinə çevrilib.


Səfərin sonuncu günündə Torontoda Azərbaycan Elmi-Tədqiqat İnstitutunun açılış mərasimi keçirilib. İnstitutun təqdimatında Azərbaycanın tanınmış elm, siyasət və mədəniyyət xadimləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня