Beynəlxalq Edinburq İncəsənət Festivalına start verilib

Beynəlxalq Edinburq İncəsənət Festivalına start verilib
Avqust Şotlandiyanın paytaxtı Edinburqda festivallar ayıdır. 65-ci Beynəlxalq Edinburq İncəsənət Festivalına bir həftə qalmış – avqustun 5-də burada "Fringe" küçə incəsənəti festivalı başlanıb.


SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, beynəlxalq festivalda təkcə ənənəvi və klassik incəsənətin nümayəndələri iştirak etdikləri halda, "Fringe" festivalında bütün janrlar təmsil olunur.


Edinburqun tarixi mərkəzindəki meydanlarda dram teatrları, rəqs kollektivləri çıxış edəcək, akrobatik və musiqi nömrələri nümayiş etdiriləcək, müxtəlif sərgilər açılacaq.


Hər il festivalda müxtəlif təşkilatlara, KİV-lərə, ayrı-ayrı incəsənət adamlarına təşkilatçılar tərəfindən təsis edilən onlarla mükafat təqdim olunur. "Fringe-2011"də ilk dəfə kabare janrı təqdim ediləcək, müharibə və terror mövzusuna müraciət olunacaq.


Edinburqun "Cutting Edge" qrupu Birinci və İkinci dünya müharibələrində, habelə ABŞ-da 2001-ci il sentyabrın 11-də törədilən terror aktında həlak olanların xatirəsinə həsr olunan "11" müziklini təqdim edəcək.


Məlumat üçün bildirək ki, beynəlxalq Edinburq İncəsənət Festivalı 1947-ci ildən keçirilir. Məqsəd isə İkinci Dünya müharibəsindən sonra Avropa xalqlarını birləşdirmək olub. Festival "Ginnesin rekordlar kitabı"na dünyanın ən iri festivalı kimi daxil edilib.


Qeyd edək ki, 2007-ci ildə Beynəlxalq Edinburq İncəsənət Festivalında Azərbaycanın xalq artisti, bəstəkar Firəngiz Əlizadənin "Muğamsayağı" əsəri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня