Sabah Azərbaycanın Milli Mətbəx Çempionatı keçiriləcək

Sabah Azərbaycanın Milli Mətbəx Çempionatı keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi (MKM) və Milli Kulinariya Assosiasiyası İTV ilə birlikdə 20-22 iyulda Bakıda Azərbaycanın Milli Mətbəx Çempionatını keçirəcək. Bu barədə SİA-ya kulinariya mərkəzinin direktoru Tahir Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, çempionat onlayn sistemi ilə üç dildə bütün dünyaya yayımlanacaq: "Tədbirdə 12 regionun (Şuşa, Ağcabədi, Bərdə, İsmayıllı, Qax, Quba, Gəncə, Şəki, Gədəbəy, Şamaxı, Zaqatala, Tovuz ) iştirakı nəzərdə tutulub. Qarabağ mətbəxini çempionatda Şuşa, Bərdə və Ağcabədi rayonları təmsil edəcək".

"Münsiflər heyətində Azərbaycan Milli Kulinariya Assosiasiyasının ( AMKA ) peşəkar üzvləri və AMKA-nın dəfələrlə Beynəlxalq çempionatlarda münsiflər heyətində çıxış edən texnoloq və kulinarları da olacaq. Qalib gələn komandalar Azərbaycan mətbəxini xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil edəcək. Bundan əlavə 2012-2013-cü illərdə "Azərbaycanın Milli Mətbəx Mədəniyyəti Paytaxtı" adına layiq görüləcək rayon da qaliblər arasından seçiləcək"- deyə o əlavə edib.

Məlumat üçün bildirək ki, yarış sabah 18.00-da açılacaq.

Hər komanda 4 nəfər iştirakçıdan ibarətdir.

20 iyulda kababçıların yarışı,

21 iyulda sac yarışı (sac üstü kətə, fəsəli, yuxa və s.) ,

22 iyulda isə plov yarışları nəzərdə tutulub.

Çempionatdan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə