Milli azlıqların III Respublika incəsənəti festivalının yekun konserti keçirilib - FOTO
Bu gün Opera və Balet Teatrında "Azərbaycan – doğma diyar" devizi altında milli azlıqların III Respublika incəsənəti festivalının yekun konserti keçirilib. SİA-nın məlumatına görə, konsert rəqs ansamblının rəqsləri ilə açıq elan edilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz çalışırıq ki, Azərbaycanda yaşayan hər hansı azsaylı və ya çoxsaylı millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini qoruyaq. Eyni zamanda bütün bunlar gələcək nəsillərə çatdırılmalıdır. Bilirsiniz ki, biz ənənəyə sadiq qalaraq artıq üçüncü dəfədir ki, azsaylı xalqların böyük mədəniyyət festivalını keçiririk\".
\"Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2006-cı, 2008-ci illərdə "Azərbaycan-doğma diyar" devizi altında keçirilən azsaylı xalqların incəsənəti festivalı respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Görülən işlərin davamı olaraq ölkədə yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə nazirlik tərəfindən bu festivalın 2 ildən bir keçirilməsi nəzərdə tutulub\",- deyə nazir əlavə edib.
Ə.Qarayev onu da vurğulayıb ki, 4 gün davam edən festival çərçivəsində 15 rayondan 40-dan çox kollektiv paytaxtda öz bacarıq və istedadını nümayiş etdirmiş və onlar arasından seçilmiş ən yaxşı musiqi qrupları bu gün burada sizlərlə birlikdədirlər.
Gecədə Lənkəran şəhər "Nənələr" talış folklor xalq mahnı və rəqs kollektivinin, "Suvar" ləzgi mahnı və rəqs ansamblının, Rus Mədəniyyət Mərkəzinin, Balakən rayonundakı "Cahan" avar folklor qrupunun, Qəbələ rayonu "Cəngi" udin folklor ansamblının, Azərbaycanın Yəhudi Mədəniyyət mərkəzinin və digər kollektivlərin çıxışları böyük maraqla qarşılanıb.
Sonda fərqlənən kollektivlərə nazirliyin xüsusi diplomları təqdim edilib.
Qeyd edək ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB