“14-cü TÜRKSOY Opera Günləri" keçiriləcək

“14-cü TÜRKSOY Opera Günləri" keçiriləcək

19-29 iyun 2011-ci il tarixdə Türkiyənin Mersin, Girnə və İstanbul şəhərlərində "14-cü TÜRKSOY Opera Günləri" yenidən operasevərlərin görüşünə gələcək. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən xəbərə görə, konsertlərin 22 iyun Mersində, 24-26 iyun Girnədə və 28 iyun İstanbulda təşkil olunması planlaşdırılır.

Tatarıstanın məşhur şairi Abdullah Tukayın doğumunun 125 illik yubileyinə həsr olunmuş bu ilki tədbirlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım (Ukrayna), Xakasiya, Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) 13 sənətçi qatılacaq.

TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edəcəkdir. İlahə Əfəndiyeva 2005-ci ildən adı çəkilən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, Cüzeppe Verdinin "Traviata" operasında Violetta və başqa partiyaları böyük uğurla ifa edir.

Xatırladaq ki, TÜRKSOY opera günləri 1994-cü ilin fevralında türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Opera günləri 2003-cü ildə fəaliyyətinə fasilə vermiş və 2008-ci ildən yenidən səhnələrə qayıtmışdır. Türk dünyasında güclü əsasa malik olan opera sənəti TÜRKSOY Opera Günləri adı ilə 13 dəfə sənətsevərlərlə görüşmüş və hər dəfəsində böyük maraqla qarşılanmışdır. TÜRKSOY xətti ilə hər il Türkiyədə keçirilən bu Beynəlxalq opera sənəti festivalında türkdilli ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Xakasiya (Rusiya Federasiyası), Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) opera ifaçıları səhnə alır. Tədbirdə tanınmış bəstəkarların məşhur opera ariyalarından parçalar da səslənir.

Bütün xəbərlər Facebook səhifəmizdə