“Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib

“Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Muzey Mərkəzində "Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət" mövzusunda dəyirmi masa və "Azərbaycanda yaşayan xalqların mahnıları" diskinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir Bakıda "Azərbaycan – doğma diyar" adı altında keçirilən Milli Azlıqların İncəsənəti III Respublika Festivalı çərçivəsində təşkil olunub.

Dəyirmi masada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, "Azərbaycanda yaşayan xalqların mahnıları" CD-si 5 dildə hazırlanıb və bu disk ikinci buraxılışdır: "Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir. Biz çalışırıq ki, Azərbaycanda yaşayan hər hansı azsaylı və ya çoxsaylı millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini qoruyaq. Eyni zamanda bütün bunlar gələcək nəsillərə çatdırılmalıdır. Bilirsiniz ki, biz ənənəyə sadiq qalaraq artıq üçüncü dəfədir ki, azsaylı xalqların böyük mədəniyyət festivalını keçiririk və bu gün artıq ikinci diskin buraxılmasına nail oluruq".

Festivalda Lənkəran, Şəki, Astara, Masallı, Lerik, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran mədəniyyət və turizm şöbələri xətti ilə azsaylı xalqların bədii kollektivləri iştirak edir.

Qeyd edək ki, festival iyunun 17-də Opera və Balet Teatrında keçirilən konsert proqramı ilə öz işinə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə