“Muğam - Azərbaycanın müqəddəs musiqisi” diskinin təqdimatı keçirilib

“Muğam - Azərbaycanın müqəddəs musiqisi” diskinin təqdimatı keçirilib

Bu gün Bakıda "Muğam - Azərbaycanın müqəddəs musiqisi" – diskinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən layihənin təşkilatçısı, musiqişünas Sənubər Bağırov bildirib ki, bu kimi layihələr hələ çox olacaq. Baxmayaraq ki, diskin ilk təqdimatı İtaliyada olub.

O bildirib ki, Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində artıq birinci – "Muğam - Azərbaycanın müqəddəs musiqisi" – diski işıq üzü görüb və təqdimatı Turin şəhərində (İtaliya) Şərq İncəsənəti Muzeyində "Darbar" adı altında konsert proqramı zamanı keçirilib: "Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında Zabul Segah dəstgahı, Bayatı Şiraz muğamı və təsnifi, Mahur muğam kompozisiyası, Dilkeş muğamı və iki xalq rəqs havaları daxil olunub".

Daha sonra xanəndə Qoçaq Əsgərov vurğulayıb ki, bu disk üzərində 6 ay idi ki, iş gedirdi: "Bu artıq bizim 3-cü diskimizdir. İtaliyada 90 dəqiqə ərzində həm disikin təqdimatını etdik, həm də konsert verdik. Şərq musiqisinə Avropa ölkəsində böyük diqqət var. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balaban və nağara kimi milli musiqi alətlərimizdən istifadə olunub".

Qeyd edək ki, "Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Felmay Corso Moncalieri şirkəti arasında müqavilə imzalanıb. Müqavilənin müddəalarına əsasən İtaliyada Azərbaycan mədəniyyətinin təbliğ olunması ilə əlaqədar "Azərbaycanın Ənənəvi Musiqisi" adı altında altı kompakt diskdə musiqi albomlarının hazırlanması və satışının həyata keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə