Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur

Çinin paytaxtı Pekində 10-cu Beynəlxalq İncəsənət Biennalesi işə başlayıb.

SİA xəbər verir ki, 2 ildə bir dəfə keçirilən sərginin builki mövzusu “Birgəyaşayış“dır. 120 ölkədən 600-dən çox əsərin nümayiş olunduğu sərgidə əsasən rəsm əsərləri nümayiş olunsa da, burada dünya incəsənət ustalarının heykəltaraşlıq əsərləri, fotoşəkilləri, müasir incəsənət nümunələri və videoalar da sərgilənir. Sərginin digər maraq doğuran eksponatları müasir rəqəmsəl texnologiyalar vasitəsilə yaradılan sənət əsərləridir.

Biennaledə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmiz rəssam Bütünay Haqverdiyevin “Kənd toyu” əsəri ilə təmsil olunur. Əsərdə ənənəvi toyların bəzəyi olan bəy və gəlin yox, toyun canlılığını təmin edən qonaqlar və onların məslidəki fəaliyyətləri rəngli boyalarla təqdim olunur. Rəssam Azərbaycanın milli toy adətlərində kənd amilini ön plana çıxarmaqla yanaşı, sadə və zəhmətkeş Azərbaycan insanının poetik obrazını ağ kətan üzərində böyük məharətlə canlandırıb. Əsər çinli və xarici incəsənət ustaları, eləcə də ziyarətçilər arasında böyük marağa səbəb olub.

Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 28-dək davam edəcək. Sərgi çərçivəsində 1-ci beynəlxalq incəsənət konfransı da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə