Azərbaycanın qastroturizm imkanları Koreya Respublikasında tanıdılıb

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycanın qastroturizm imkanları dekabrın 9-da Koreya Respublikasının Pohanq şəhərində keçirilən “Beynəlxalq Qastronomiya Konfransı 2025” tədbirində tanıdılıb.

Bu barədə SİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Tədbirdə DTA nümayəndə heyəti tərəfindən “Lənkəran UNESCO-nun qastronomiya nominasiyası üzrə Yaradıcı Şəhərlər Şəbəkəsində” mövzusunda təqdimat edilib, Lənkəran şəhərinin coğrafi mövqeyi və iqlim xüsusiyyətləri, qastroturizm və aqroturizm imkanları, bölgə qastronomiyasının özünəməxsus xüsusiyyətləri, bölgəyə xas biomüxtəliflik nümunələri və digər mövzular iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Lənkəran şəhəri 2021-ci il noyabrın 8-də Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi nümayəndəliyinin təşəbbüsü ilə “qastronomiya” nominasiyası üzrə təşkilatın “Yaradıcı şəhərlər Şəbəkəsi”nə daxil edilib.

UNESCO-nun “Yaradıcı şəhərlər Şəbəkəsi” hazırda dizayn, ədəbiyyat, musiqi, film, sənətkarlıq və xalq sənətləri, qastronomiya və media sənətləri mövzuları üzrə 100 ölkədən 408 şəhəri birləşdirən platformadır.

Pohanqın UNESCO-nun “Yaradıcı şəhərlər Şəbəkəsi” siyahısına daxil edilməsi, şəbəkəyə daxil edilmiş şəhərlər arasında təcrübə mübadiləsinin və əməkdaşlığın təşviqi məqsədilə keçirilən “Beynəlxalq Qastronomiya Konfransı 2025”də, həmçinin Pohanq şəhəri üzrə Cənubi Koreya, Usuki şəhəri üzrə Yaponiya, Yangzhou şəhəri üzrə Çin nümayəndə heyətləri tərəfindən təqdimatlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə