Festival dekabrın 5-dən 11-dək keçiriləcək...

Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

...Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət Festivalının tərəfdaşı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” dekabrın 5-dən 11-dək İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas istiqamətlərindəndir. 50-dən çox ölkədən qonağın iştirak edəcəyi Yaradıcı Həftə çərçivəsində təqdim olunacaq kino, teatr, dəb, dizayn, musiqi, oyun texnologiyaları, rəqəmsal yaradıcılıq və startap sahələrinə yönəlmiş panellər, nümayişlər, sərgilər və digər fəaliyyətlər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıdacaq.

Festival günlərində “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB) və digər təqdimatlar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə