Bakıda rifah və tibbi turizmin gələcək perspektivlərinə dair konfrans keçirilir
Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndə iştirakı edir.
Konfransda rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılacaq. Həmçinin 2 gün davam edəcək konfrans çərçivəsində sağlamlıq və rifah turizmi sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin sərgisi təşkil edilib.
Sərgidə 40-a yaxın yerli sanatoriya, kurort, tibbi reabilitasiya və SPA mərkəzləri, xəstəxana və klinikalar, eləcə də beynəlxalq tərəfdaş şirkətlərin xidmət və məhsulları nümayiş olunur.
Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçiriləcək və birgə əməkdaşlıq imkanları müzakirə olunacaq.
Konfransda “Qlobal rifah tendensiyalarının inteqrasiyası: Azərbaycanda rəqabətcil rifah turizmi modelinin qurulması” və “Azərbaycanda tibbi turizmin inkişaf yolu: Beynəlxalq standartlar, sertifikatlaşdırma və strateji tərəfdaşlıqlar” adlı iki panel sessiya keçiriləcək.
Panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması, SPA və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri, tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, bundan əvvəl 2024-cü il oktyabrın 28-29-da Şuşa şəhərində sağlamlıq turizmi üzrə ilk konfrans təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə