Gənc kinematoqrafçıların layihəsi beynəlxalq təlimə seçilib

Azərbaycanlı kinematoqrafçılar Ülviyyə Əhmədova və Nicat Dadaşovun “Mənim evim” tammetrajlı sənədli film layihəsi CHANGE birgə film istehsalı üzrə təlim proqramına seçilib. Azərbaycan Kinematoqrafçılar İttifaqından SİA-ya bildirilib ki, 8 ay davam edəcək təlimlər bu ilin noyabrın 8-dən 12-dək, 2026-cı ilin yanvarın 14-dən 18-dək Moldovada, martın 14-dən 18-dək isə Danimarkada təşkil olunacaq.

Layihənin ssenari müəllifi və rejissoru Ülviyyə Əhmədova, prodüseri isə Nicat Dadaşovdur. Layihə 1989-cu ildə evini tərk etmiş Vəlinin 36 il sonra öz evini və ailəsinin məzarını görmək üçün etdiyi səyahətdən bəhs edir.

Xatırladaq ki “Mənim evim” layihəsi bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının AKİDocs layihəsinin qaliblərindən biri olub və Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihəyə maliyyə dəstəyi ayırıb.

Qeyd edək ki, Ülviyyə Əhmədova və Nicat Dadaşov ittifaqın kino məktəbinin yetirməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə