Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində “Azərbaycanın mədəni irsinin Bolqarıstanda təqdimatı” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunub. Tədbirin rəsmi hissəsi Azərbaycan və Bolqarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlar və dialoq formatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin, SOCAR-ın Bolqarıstandakı nümayəndəliyinin nümayəndələri, Sofiya Universitetinin professor-müəllim heyəti və tələbələri, mətbuat, müxtəlif qurumların nümayəndələri mövzu ilə bağlı fikirlərini bildiriblər.
İctimai Birliyin sədri, Azərbaycanda bolqar dilində nəşr olunan və bu il 20 illik yubileyini qeyd edən “Akkord” jurnalının baş redaktoru Mariya Hüseynova-Atanasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın Bolqarıstandakı səfirliyinin nümayəndəsi Pərviz Nuriyev qeyd edib ki, Azərbaycan və Bolqarıstan xalqları qədim və mənəvi cəhətdən yaxındır. O, təşəbbüsün təşkilatçılarına təşəkkürünü bildirib və iki ölkə arasında mədəni və dostluq əlaqələrini gücləndirəcək görüşlərin daha tez-tez keçiriləcəyinə ümid etdiyini bildirib.
SOCAR-ın Bolqarıstandakı nümayəndəsi Rosen Simidçiyev deyib: “Bu gün Azərbaycan qazı Bolqarıstanın istehlakının 50 faizindən çoxunu əhatə edir və bu fakt, iki ölkə arasında sabit və strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Son iyirmi ildə Azərbaycan Bolqarıstan ilə sabit və dostluq münasibətləri olan müasir, tolerant və dinamik inkişaf edən ölkəyə çevrilib”.
Bu gün Bakı gördüyüm ən gözəl şəhərlərdən biridir. Azərbaycan özündə Qafqaz Albaniyası və Səfəvilər sülaləsinin irsini birləşdirən qədim və zəngin tarixə malikdir. Ora səfər edərkən iki xalq arasında çox böyük yaxınlığı, azərbaycanlıların Bolqarıstana müstəsna müsbət və mehriban münasibətini hiss edirsən. SOCAR-ın tədarük etdiyi həcmlərin bir hissəsi təkcə Bolqarıstan bazarını deyil, həm də bütün regional bazarı təmin edir”.
Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin iqtisad fakültəsinin dekanı, professor, doktor Atanas Georgiyev Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, onların iştirakı Bolqarıstan və Azərbaycanın akademik icmaları arasında fəal tərəfdaşlığın əlamətidir. “Çox şanslıyıq ki, fakültəmizdə Azərbaycandan bir nümayəndə var”, - deyə o, vurğulayıb.
Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndəsi Nərgiz Əhmədova qeyd edib: “Azərbaycanın hər bir regionunun özünəməxsus mədəniyyəti, mətbəxi və adət-ənənələri var ki, bu da onu unikal edir. Azərbaycanın mədəni sərvəti onun dərin tarixi kökləri və regional ənənələrinin müxtəlifliyi ilə bağlıdır”. O, anasının bolqar, atasının isə azərbaycanlı, qədim Şəki rayonundan olduğunu deyib. “İpək Yolu bu bölgədən keçirdi və hətta Orta əsrlərdə də Şəki mühüm ticarət mərkəzi olub. Burada bu günə kimi sənət ənənələri qorunub saxlanılır, məşhur Şəki halvası və hər biri qədim məna daşıyan naxışlarla əl ilə bəzədilən ipək kəlağayı hazırlanır”, - deyə o, qeyd edib.
N.Əhmədova çay içmək ənənəsindən danışaraq Azərbaycana xas olan armud formalı “armudu stəkanı” təqdim edib.
Bolqarıstan Jurnalistlər Birliyinin sədri Snejana Todorova Sofiya Universitetində tədbirin keçirilməsi, burada gənclərin və tələbələrin iştirakı ilə əlaqədar məmnunluğunu ifadə edib.
Tədbirin qonaqlarına Azərbaycanın milli musiqisi, o cümlədən “Sarı gəlin” mahnısı və Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan muğam təqdim olunub.
Görüş Azərbaycan mətbəxinin təqdimatı ilə davam edib və qonaqlar paxlava, şorqoğal, qozlu kətə və digər şirniyyatlardan dada biliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə