Ankarada Əhməd Cavadın xatirəsi anılıb

Oktyabrın 13-də Ankarada Hacı Bayram Veli Universitetinin nəzdində Respublikanın 100 illiyi Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım mərasimi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasim vaxtilə Azərbaycanda sovet hakimiyyəti tərəfindən “əksinqilabi fəaliyyət” və “pantürkizm” ittihamı ilə edam edilmiş şairin xatirəsinə həsr edilib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Əhməd Cavad İnstitutu və Azərbaycanın Ankaradakı səfirliyinin yanında fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin deputatları, tələbələr, qardaş ölkələrdən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbir iştirakçıları qarşısında çıxış edərək Əhməd Cavadın yaradıcılığını “Türk dünyasının birləşməsi amili” adlandırıb.

“Görkəmli şair öz ölkəsinin əsl vətənpərvəri idi, təkcə Azərbaycan deyil, həm də türk xalqlarına dərin rəğbət bəsləyir, qardaş ölkəni hərtərəfli dəstəkləməyə səy göstərirdi”, - deyə o qeyd edib.

Diplomat şairin həyat yoldaşı Şükriyyə xanımın da Stalinin repressiya dalğasının qurbanı olduğunu xatırladıb. “O, Qazaxıstanın ən soyuq bölgələrindən birinə sürgün edilib və orada 8 il yaşayıb”, - deyə R.Məmmədov bütün təqiblərə və təzyiqlərə baxmayaraq, Əhməd Cavadın arzularının reallaşdığını vurğulayıb. “Bu gün Azərbaycan müstəqillik əldə edib, Türk dünyasında inteqrasiya prosesləri isə geniş vüsət alır. Əhməd Cavadın ideologiyası yaşayır və aktualdır, onun yaradıcılığı isə yeni nəsil vətəndaşların yolunu işıqlandırmaqda davam edir”, - deyə səfir vurğulayıb.

Əhməd Cavad İnstitutunun rəhbəri, MHP liderinin baş müşaviri, professor Ruhi Ərsoy şairin Türk dünyasının ədəbi-bədii fikir ustadlarından biri olduğunu, özünəməxsus yazı tərzi ilə seçildiyini qeyd edib.

“Ömrü boyu istiqlal ideallarına sadiq qalan bu ustadın yaradıcılığı vətənpərvərlik hissi ilə doludur”, - deyə o, Əhməd Cavadın əsərlərinin bu gün də müstəqillik və azadlıq eşqini aşıladığını vurğulayıb.

“Əhməd Cavadın yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Türkiyədə geniş şəkildə tanınır. Sözləri Əhməd Cavada məxsus olan məşhur “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyənin hər bir sakininə tanışdır”, - deyə Ankara institutunun rəhbəri gəncləri Azərbaycan şairinin xatirəsini yad etməyə və əziz tutmağa çağırıb.

Hacı Bayram Veli Universitetinin rektoru Naci Bostancı və digər mərasim iştirakçıları da Əhməd Cavad irsinin əhəmiyyətindən danışıblar.

Toplaşanlara Azərbaycanın Dövlət Himninin sətirlərinin müəllifinin xatirəsinə həsr olunmuş “TRT Avaz” televiziya kanalının hazırladığı sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində Stalin repressiyalarının qurbanı olmuş Türk dünyası ziyalılarının nümayəndələrinə həsr olunmuş fotosərgi də təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə