Türkmənistan Mədəniyyəti Günlərinin açılışı keçirilib - FOTOLAR

Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkmənistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Türkmənistan Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəni köklər və sarsılmaz dostluq münasibətləri birləşdirir.

Murad Hüseynov vurğulayıb ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması xalqların bir-birini daha yaxından tanımasına, qarşılıqlı mədəni mübadilənin genişlənməsinə və gələcəkdə birgə layihələrin reallaşdırılmasına əlverişli şərait yaradır.

Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov isə çıxışında Azərbaycan və Türkmənistan arasındakı mədəni əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, Türkmənistan Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsi xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Nursəhet Şirimov, həmçinin mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, xalqlarımızın ortaq tarixi və mədəni kökləri üzərində minilliklər boyu inkişaf edən mədəniyyətlərimiz bu gün də qarşılıqlı əlaqədədir.

“Birliyimiz və qardaşlığımız daim özünü göstərir. Mədəniyyət və ədəbiyyatlarımız ortaq dəyərlərimizin tərcümanı kimi inkişaf edib. Bu, Türkmənistan-Azərbaycan çoxəsrlik birliyinin yeni dövrdəki ən bariz təcəssümüdür”, – deyə akademik vurğulayıb.

Sonra qonaqlar türkmən xalqının zəngin mədəni irsini əks etdirən fotosərgi ilə tanış olublar. Həmçinin Türkmənistanın musiqi nümunələri, milli geyimləri, dekorativ-tətbiqi sənət əsərləri və muzey eksponatları nümayiş olunub.

Daha sonra konsert proqramı təqdim olunub. Tədbir çərçivəsində türkmən rəqsləri və musiqi nömrələri nümayiş etdirilib.

Oktyabrın 15-dək davam edəcək Türkmənistan Mədəniyyət Günləri çərçivəsində Bakıda və Gəncədə tədbirlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə