Oktyabrın 24-dən 31-dək Azərbaycanın paytaxtında payızın ən parlaq hadisələrindən biri - “Baku Jazz Festival”ı keçiriləcək. Festival 2025-ci ildə 20 illik yubileyini qeyd edəcək. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanov tərəfindən əsası qoyulan “Baku Jazz Festival”ı dünyanın müxtəlif ölkələrinə aid olan nəsillər, mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yubiley festivalının proqramı dinamik və zəngindir: səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edəcəklər. Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlara qədər olan bütün məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar keçiriləcək. Festivalda, həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlər ilə müzakirələr paneli keçiriləcək.
Builki festivalda sosial missiyaya xüsusi diqqət yetirilib: bu, sağlamlıq imkanları məhdud olan gənclər üçün ustad dərsləri və konsertlərdir.
“Baku Jazz Festival 2025” ərəfəsində AZƏRTAC festivalın direktoru Leyla Əfəndiyeva ilə söhbət edib, o, çoxdan gözlənilən tədbirə hazırlıq barədə danışıb.
“Hazırlıqlar tam sürətlə gedir. Demək olar ki, hər gün görüşlər, məşqlər, danışıqlar, telefon zəngləri, müəyyən məsələlərin həll yolları, daha çox isə sevindirici kəşflər və tanışlıqlarla dolu olur. Hazırda bütün kollektivimiz – tərəfdaşlar, musiqiçilər və könüllülər – festivalı gözləmə rejimində yaşayırlar. Onların hamısı bu işə ürəklə yanaşırlar, enerjisini və bacarıqlarını bu işə sərf edirlər. Dəqiq deyə bilərəm ki, iyirmi ildə biz çox böyük təcrübə qazanmışıq və həll edə bilməyəcəyimiz heç bir məsələ yoxdur. “Beynəlxalq caz festivalının təşkili, bu, ilk növbədə, bir ideya - musiqiyə və Bakıya məhəbbət - ətrafında birləşmiş insanlardır. Məhz bu sevgi bizə irəli getməyə kömək edir, tezliklə bütün ölkədə rezonans doğuracaq möhtəşəm bayram yaradır”, - deyə həmsöhbətimiz fikirlərini bölüşür.
Leyla Əfəndiyeva festivalın yubileyi münasibətilə bir sıra xüsusi layihələrin hazırlandığını vurğulayıb.
“İlk növbədə, bu, Azərbaycan caz ulduzlarının ifasında “Chicago” musiqili tamaşasının premyerasıdır. Bu, sözsüz ki, çox parlaq və qeyri-adi tamaşa olacaq.
Musiqi və süni intellektin qarşılıqlı əlaqəsi - aktual mövzuya həsr olunacaq “Jazz & AI” müzakirə panelini də qeyd etmək istərdim. Bu paneldə iştirak etmək üçün bu sahədə çalışan ekspertlər Bakıya səfər edəcəklər.
Festivalı sağlamlıq imkanları məhdud gənclər açacaq, onlar üçün musiqi sadəcə xoş əyləncə deyil, onlara yaşamağa, özünü daha yaxşı hiss etməyə kömək edən, onlara azadlıq bəxş edən xilasedici dairədir. Məhz onların çıxışı səkkiz günlük sərhədsiz musiqi bayramına start verəcək”, - deyə direktor qeyd edib.
Leyla Əfəndiyevanın sözlərinə görə, festival şəhər üçün böyük əhəmiyyət kəsb edir. “Baku Jazz Festival” sayəsində caz ənənələrimiz qorunub saxlanılıb və Bakı hələ də bu sahədə istiqamət müəyyən edir, hər il caz mərkəzinə çevrilir, onunla nəfəs alır. Festival tərbiyə edir, mədəniyyət səviyyəsini yüksəldir, insanları birləşdirir, gəncləri ruhlandırır, mədəni diplomatiyanı inkişaf etdirir, beynəlxalq arenada ölkəmizin müsbət imicini yaradır.
Şəxsən mənim üçün “Baky Jazz Festival” bir xəzinədir və müasir Azərbaycanın açıq və yaradıcı, ənənənin yeniliklər doğurduğu bir məkan olduğunun əksidir”, - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə