Tbilisidə əslən Gürcüstandan olan görkəmli azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun həyat və fəaliyyətinə həsr olunmuş “Polkovnik” sənədli filminin təqdimatı keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Salnamə” sənədli filmlər studiyasının birgə təşkilatçılığı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin və Azərbaycan diasporunun dəstəyi, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin iştirakı ilə baş tutub.
Təqdimat mərasimi Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, “Polkovnik” filmi təkcə bir qəhrəmanın həyatına deyil, həm də Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən tarixi və mənəvi bağlara işıq salır. Onun sözlərinə görə, bu ekran əsərini Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən sənət əsəri də adlandırmaq olar. Burada doğulub yaşayan soydaşlarımızın qəlbləri hər zaman Azərbaycanla döyünüb. Onların mənəvi bağları, Vətənə olan sevgiləri daim güclü olub.
Səfir qeyd edib ki, yubiley tədbiri xalqlar arasında mədəni və mənəvi körpü rolunu oynayır.
“Filmin təqdimatının Tbilisidə təşkil edilməsi həm Azərbaycan-Gürcüstan dostluğunun daha da möhkəmlənməsinə xidmət edir, həm də Həsən Həsənovun yubileyi münasibətilə Gürcüstan tərəfinin ona göstərdiyi diqqət və qayğını nümayiş etdirir”, - deyə diplomat vurğulayıb.
Qeyd olunub ki, Vəli bəy Yadigarovun həyatı və fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz regionunun hərb və dövlətçilik tarixinin parlaq səhifəsidir. Bu kimi filmlər xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin təcəssümüdür”.
Daha sonra filmin ideya müəllifi, Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Həsən Həsənov çıxış edərək bildirib ki, “Polkovnik”in ərsəyə gəlməsi Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin xatirəsini yaşatmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıyır.
“Bu film təkcə bir insanın həyat yoluna nəzər salmaq deyil, həm də müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf tarixinin mühüm bir mərhələsini xatırlamaq üçün əlamətdar hadisədir. Vəli bəy Yadigarovun həyat yolu Azərbaycan xalqının mübarizə, yenilənmə və yüksəliş tarixinin bir parçasıdır”, -deyə H.Həsənov vurğulayıb.
Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri isə Nazim Hüseynovdur.
Çəkilişlər Azərbaycan, Gürcüstan və Polşada aparılıb. Film həm Vəli bəy Yadigarovun qəhrəmanlığını, həm də Azərbaycan hərb tarixində və Qafqaz regionunun hərbi-siyasi proseslərində onun oynadığı rolu tamaşaçılara təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə