"Əminə Yusif qızı kimi bədii qiraəti ustalıqla söyləyə bilən ikinci bir aktrisa olmayıb" - Hacı İsmayılov DANIŞDI

"Azərbaycan teatr sənətinin, Azərbaycan kinofilminin, Azərbaycan qiraət və ifaçılıq məktəbinin ən görkəmli sənətkarlarından biri - Xalq artisti Əminə Yusif qızını əbədiyyətə yola salırıq". Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib.

Onun sözlərinə görə, Əminə xanım çox maraqlı bir həyat yaşayıb: "O Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işlədiyi dövrdə mən o zaman orada texniki heyətdə işləyirdim. Yadımdadır ki, həmin tarix 1960-cı illəri əhatə edirdi və onun üzərindən artıq 60 ildən çox vaxt keçib. Həmin vaxtlarda Əminə xanım artıq Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından biri idi. Çox gözəl rolları var idi. Həmin rollar bu gün də gözümün önündə canlanır. Sonralar isə o qədər sevildi və məşhurlaşdı ki, Azərbaycan Akademik Milli Dram Teatrına dəvət olundu. Orada da bir aktrisa kimi çox ciddi fəaliyyət göstərdi. Hətta Cəfər Cabbarlının "Oqtay Eloğlu" tamaşasında çox təsirli bir rol yaratmışdı. Həsənağa Salayevlə, Xalq artisti ilə birgə səhnələri var idi - son dərəcə təsirli və yaddaqalan səhnələr idi. Amma təəssüf ki, o teatrdan ayrıldı. Səbəbi isə məlum olmadı. Lakin mədəniyyətdən, incəsənətdən heç vaxt ayrılmadı. Bədii qiraətlə məşğul olmağa başladı və qısa zamanda çox yüksək səviyyəli bir bədii qiraət ustasına çevrildi.

Azərbaycanda Əminə Yusif qızı kimi bədii qiraəti bu qədər ustalıqla söyləyə bilən ikinci bir aktrisa olmayıb. Çox təəssüf ki, son dövrlərdə mədəniyyətimiz, incəsənətimiz bir-birinin ardınca görkəmli sənətkarlarını itirir. İndi isə xalq artisti Əminə Yusif qızını haqq dünyasına yola salırıq. Allah rəhmət eləsin, yaxınlarına və doğmalarına səbir versin".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə