XI Bakı Beynəlxalq Kitab Sərgisi başa çatıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinə yekun vurulub.

SİA xəbər verir ki, builki tədbir “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzulu şüarı altında keçirilib.

Tədbirdə 18 ölkədən 41 beynəlxalq təşkilat, o cümlədən kitab nəşri ilə bağlı 100-dən çox yerli nəşriyyat-poliqrafiya şirkəti və qurumu iştirak edib.

Yeddi gün ərzində sərgidə müxtəlif formatlarda 250-dən çox tədbir keçirilib.

Uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüziv və digər aktual mövzularda kitab təqdimatları, avtoqraf günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, eləcə də kitab sənayesinin nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil olunub.

Sərgiyə gələnlər kitab bazarındakı ən son nəşrlərlə tanış olmaq, müəlliflər və naşirlərlə ünsiyyət qurmaq, həmçinin sənaye peşəkarları arasında canlı fikir mübadiləsinin şahidi olmaq imkanı əldə ediblər.

Sərgi iştirakçıları arasında Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc müəlliflər, eləcə də Türkiyə, Argentina, Böyük Britaniya, Litva, Qətər və digər ölkələrdən xarici yazıçılar iştirak edib.

Tədbir çərçivəsində mükafatlandırma mərasimi keçirilib, ən fəal iştirakçılara və təşkilatlara diplomlar təqdim olunub. “Ən yaradıcı stend” nominasiyasında “Mayak” nəşriyyatı, “Ən çox oxunan yazıçı” nominasiyasında Çingiz Abdullayev, “Fəxri yazıçı” nominasiyasında Rüstəm Behrudi mükafatlara layiq görülüb.

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Təşkilat Komitəsi sərgidə fəal iştirakına və sərgiyə verdiyi informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a sertifikat təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə