Teatr mövsümü “Təlxəklər” operası ilə açıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni mövsümünün açılışı münasibətilə Bakıda Opera Studiyasında italyan bəstəkarı Rudcero Leonkavallonun ikipərdəli “Təlxəklər” operasının təqdimatı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əsas partiyaları: Kanio - Adil Axundov (ilk dəfə), Nedda - Fatimə Cəfərzadə (ilk dəfə), Tonio - Əməkdar artist Anton Ferştandt, Silvio - Reza Xosrovzadə (ilk dəfə), Beppo - Fəhmin Əhmədli (ilk dəfə) ifa ediblər. Kəndli obrazını Əməkdar artistlər Tural Ağasiyev və Xalid Daşmir canlandırıblar.

“Təlxəklər” - klassik musiqi ədəbiyyatının görkəmli nümunələrindən biri hesab olunan əsər - tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Librettosu bəstəkarın özünün yazdığı opera dramatik süjeti və emosional musiqi dili ilə seçilir. Bir-birinə zidd olan insan duyğuları, qısqanclıq, faciəli sevgi mövzuları tamaşada ifaçıların peşəkar məharəti sayəsində səhnədə uğurla təqdim olunub. Solistlərin güclü vokal hazırlığı, orkestrin ahəngdar ifası, yaradıcı kollektivin peşəkar yanaşması sayəsində səhnə əsəri bütöv və təsirli sənət əsəri kimi təqdim olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Xalq artisti, professor Cənnət Səlimova, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq artisti Tahir Tahirov, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Yenilənmiş quruluş tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə