Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb - FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək və qarşılıqlı mədəni mübadilə ənənəsini davam etdirmək məqsədi daşıyır. SİA xəbər verir ki, sərgidə Tacikistanın Milli Muzeyinin kolleksiyasından 56 unikal eksponat nümayiş etdirilir. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, deputat, Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo iştirak ediblər.

Çıxışlarda Azərbaycan və tacik xalqları arasında əsrlərə söykənən dostluq və mədəni əlaqələrdən bəhs edilib, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyi vurğulanıb.

Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir.

Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, “çakan” geyimlər, canamazlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutur.

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq deyib: “Məlum olduğu kimi, Azərbaycan və tacik xalqları əsrlər boyu həmrəylik və dostluq ruhunda yaşayıblar. Azərbaycan ilə Tacikistan arasında mədəni bağların dərin tarixi kökləri var və hər iki ölkənin müstəqillik əldə etməsindən sonra möhkəm təməl üzərində qurulan bu əlaqələrin fonunda paytaxtlarımızda keçirilən sərgilər mədəniyyət sahəsində sıx əməkdaşlığın təzahürüdür”.

Sərgidə, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrə və müasir dövrə aid eksponatlar – xovlu və yastı toxunmuş xalçalar, kilimlər, bədii metal işləri, tikmə nümunələri, eləcə də Xalq rəssamı Eldar Mikayılzadə və yamaq ustası Xalidə Nəsirovanın əsərləri nümayiş etdirilir.

“Bugünkü sərgimiz birgə təşəbbüslərin, mədəni dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın nəticəsidir”, - deyə Əminə Məlikova vurğulayıb. O əlavə edib: “Tacik tikmə dünyası” sərgisi sizi zəngin tarixi, bədii-estetik dəyərləri və incə zövqü ilə seçilən tacik xalq sənəti dünyasına səyahətə dəvət edir. Tacikistanın müxtəlif bölgələrindən olan rəssamların əsərləri ilk dəfə olaraq Azərbaycan ictimaiyyətinə təqdim olunur. Bugünkü sərgi Azərbaycan və Tacikistan arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvollaşdırır".

Təşkilatçıların sözlərinə görə, “Tacik tikmə dünyası” 2025-ci il mayın 20-də Düşənbədəki Tacikistan Milli Muzeyində keçirilən və böyük marağa səbəb olan “Azərbaycan incəsənət incilərində yaşayan milli irs” sərgisinin məntiqi davamıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə