“Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb - YENİLƏNİB/FOTOLAR

Sentyabrın 26-da "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb. SİA xəbər verir ki, forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə həyata keçirilir. Əvvəlcə qonaqlar sarayın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Forumda açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival artıq musiqi həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O bildirib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən genişmiqyaslı Tədbirlər Planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, böyük bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur.

Nazir müavini deyib: "Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum bu gün növbəti dəfə dəyərli elm və sənət xadimlərini bir araya toplayıb. İki paneldən ibarət bu forumda siz Üzeyir Hacıbəyli yaradıcılığının qlobal aləmdə - Şərq və Qərbdə təcəssümü, onun dünya musiqi sənətində mövqeyi barədə mülahizələrin və diskussiyaların şahidi olacaqsınız. Dahi bəstəkarın yaradıcılığına daha fərqli prizmadan baxış imkanları olacaq. Forumda yerli təqdiqatçılar, elm adamları ilə bərabər xarici qonaqlar da sizinlə öz fikirlərini paylaşacaqlar".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli çıxış edərək Üzeyir Hacıbəylinin əbədiyaşar irsndən danışıblar.

Sonra forum iştirakçıları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən filmi izləyiblər.

Forum işini panel sesiyalarla davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə