Türk Mədəniyyəti və İrsi Fondunda “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunda “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil olunan tədbirdə görkəmli türk mədəniyyət xadimlərinin 1925-ci ildə Parisdə keçirilən Ümumdünya Müasir Dekorativ və Sənaye Sənəti Sərgisində triumfal çıxışının 100 illiyi qeyd edilib.

Bu sərgi XX əsrin birinci yarısında dekorativ sənətdə “art-deko” cərəyanına öz adını verməklə yanaşı, həm də türk xalqlarının mədəni nailiyyətlərinin tanınması üçün mühüm platforma olub. Məhz orada Türk dünyasının nadir mədəni irsi ilk dəfə dünya arenasında təqdim edilib. Sərgidə türk xalqlarının incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin, o cümlədən görkəmli mədəniyyət xadimlərinin 11 konserti olub.

Tədbiri giriş sözü ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açıb.

O, çıxışında mədəni irsin qorunub saxlanması və gənc nəslə çatdırılmasının, müasir türk dünyagörüşünün formalaşdırılması yolu ilə ümumi türk şüurun inkişafı və təkamülünün fondun əsas missiyası olduğunu vurğulayıb.

“Mədəniyyət və mənəvi dəyərlər xalqlarımızı birləşdirən, qarşılıqlı anlaşmanı gücləndirən və bizi daha parlaq gələcəyə aparan körpüdür”, -deyə Aktotı Raimkulova qeyd edib.

Onun sözlərinə görə, mənəvi dəyərlərin inkişafı və zənginləşdirilməsi üçün maarifləndirici layihələrin həyata keçirilməsi, birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər mədəni ənənələrin və özünəməxsusluğun qorunub saxlanmasına töhfə verməklə yanaşı, elm, təhsil və yaradıcılıq sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır.

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə də salamlama nitqi ilə çıxış edib. O, birgə layihənin əhəmiyyətini vurğulayıb.

“Fond fəaliyyət göstərdiyi müddətdə Türk dünyasının inkişafına mühüm töhfələr verib, mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş irimiqyaslı layihələr həyata keçirib”, - deyə K.Dadaş-zadə vurğulayıb.

Dəyirmi masanın məqsədi bu hadisənin tarixi əhəmiyyətini vurğulamaq, türk mədəniyyətinin və türk xalqlarının peşəkar ifaçılıq məktəblərinin böyüklüyünü nümayiş etdirmək olub.

Diskussiyalar zamanı iştirakçılar Paris sərgisinin XX əsrdə incəsənətin inkişafına təsirini və onun bugünkü aktuallığını müzakirə ediblər. Görkəmli ustadların xatirəsinin yaşadılmasına, onların yaradıcılığının təbliğinə, bu ənənələri davam etdirən, Türk dünyası adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsində iştirak edən gənc ifaçıların dəstəklənməsinə xüsusi diqqət yetirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova jurnalistlərə müsahibəsində cari ilin bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O əlavə edib: “Düz yüz il əvvəl, 1925-ci ildə böyük Paris sərgisində görkəmli mədəniyyət xadimlərinin təntənəli çıxışı olub, bununla da tarixdə unudulmaz səhifəyə imza atılıb. Əfsanəvi Azərbaycan müğənnisi Şövkət Məmmədova, özbək müğənnisi Kari-Yakubov Muxitdin, parlaq rəqqasə Tamara xanım, qazax müğənnisi Emre Kaşaubayev və Başqırdıstandan olan kuray ifaçısı Yumabay İsyanbayev səhnədə çıxış ediblər.

Fondun rəhbəri əlavə edib ki, bu gün, bir əsr sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Başqırdıstan musiqişünasları və tədqiqatçıları yenidən toplaşaraq əcdadlarımızın ənənələrinin ilhamla səslənməkdə davam etdiyini, nəsilləri və bütün Türk dünyasını birləşdirdiyini təsdiq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə