Türkiyədə Azərbaycan dili kursları üzrə başlanğıc səviyyəyə yekun vurulub

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaradakı Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında təşkil edilmiş Azərbaycan dili kurslarının iştirakçılarının yekun qiymətləndirilməsi həyata keçirilib. SİA xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi mərkəzin həyata keçirdiyi layihələr barədə məlumat verib.

Azərbaycan dili kurslarının əhəmiyyətini vurğulayan S.Abbasov ona marağın böyük olduğunu söyləyib və bu kursların gələcəkdə təkmilləşdirilərək başlanğıc səviyyə ilə yanaşı, digər səviyyələrdə də təşkil olunacağını qeyd edib.

S.Abbasov kurs iştirakçılarının bütün əyani vasitələrlə təmin edildiyini, tədris ocaqda Azərbaycan ədəbiyyatı ilə bağlı kitabxananın yaradıldığını bildirib.

Daha sonra Gazi Universiteti Türkçə və Sosial Bilimlər Tədrisi Bölümü və Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri haqqında məlumat verib, Türkiyədə ilk dəfə yüksək səviyyədə təşkil edilən Azərbaycan dilinin sistemli öyrədilməsi üzrə tədris ocağın fəaliyyətini yüksək qiymətləndirib.

O, dil kurslarının Türk dünyasının zəngin mədəniyyəti, ədəbiyyatı ilə seçilən qardaş Azərbaycanın daha dərindən öyrənilməsinə imkan yaratdacağını qeyd edərək Azərbaycan dövlətinə təşəkkür edib.

Azərbaycan dili kurslarını həyata keçirən pedaqoq Şəhla İbişova başlanğıc olaraq altı ay müddətinə nəzərdə tutulmuş kurslara marağın böyük olduğunu, ümumilikdə 32 nəfərin Azərbaycan dili kurslarını tamamladığını qeyd edib. O, həmçinin gələcəkdə müxtəlif səviyyələr üzrə kursların təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, kurs iştirakçıları dərslərdə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyət haqqında dolğun məlumatlar əldə edirlər. Həmçinin, dərslərdə informasiya texnologiyalarından istifadə edilir, dialoqlar və filmlərlə baxış və müzakirəsi təşkil olunur.

Çıxışlardan sonra Azərbaycan dili kurslarının iştirakçılarının yekun qiymətləndirilməsi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə