AMEA əməkdaşlarının rəsmlərindən ibarət sərgi açılıb

Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının əsərlərindən ibarət “Elmi idrak və bədii təfəkkürün kəsişməsində” adlı rəsm sərgisi açılıb. SİA xəbər verir ki, sərgini giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açıb. O, iştirakçıları salamlayıb, əsərləri nümayiş olunan rəssamları təbrik edib.

Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verilib. Akademik sərgi haqqında ətraflı məlumat verdikdən sonra Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində təşkil olunan sərginin xüsusi əhəmiyyətini vurğulayıb.

Rəsmi açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Məclisin deputatı Fazil Mustafa, Xalq rəssamı akademik Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və başqaları nümayiş etdirilən əsərlərin bədii keyfiyyətindən, rəssamların yaradıcılıq uğurlarından danışıblar. Vurğulanıb ki, sərginin məqsədi AMEA əməkdaşlarının yaradıcılıq qabiliyyətlərini və bədii istedadlarını üzə çıxarmaq, mədəni-mənəvi sərvətləri, elmi işləri nümayiş etdirmək, şəxsi yaradıcılıq potensialını geniş ictimaiyyətə tanıtmaqdır.

Sərgi sentyabrın sonunadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə