“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda əncir festivalı keçirilib.
Bu barədə SİA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən bu festival, yerli sakinlərin, fermerlərin, turistlərin və media nümayəndələrinin diqqətini cəlb edib.
Festival çərçivəsində iştirakçılar əncirin mətbəxdə və təbiətdə rolu, həmçinin sosial və mədəni əhəmiyyəti ilə yaxından tanış olublar. Yerli şeflərin təqdimatında keçirilən kulinariya şouları zamanı əncirdən hazırlanan müxtəlif yeməklər nümayiş etdirilib və dadım nümunələri təqdim olunub. Festivalın şef arenaları bölməsində İçərişəhərdə fəaliyyət göstərən “Shakh Garden”, “Qəbələ”, “La Quzu”, “Pendir Çörək”, “Çay bağı 145” restoranlarının peşəkar aşpazları tərəfindən əncir əsaslı yeməklərin hazırlanması nümayiş etdirilib və mətbəx həvəskarlarına praktiki məsləhətlər verilib. Bu fəaliyyət həm peşəkar, həm də həvəskar iştirakçılar üçün əsl təcrübə fürsətinə çevrilib.
Tədbir çərçivəsində qadın sağlamlığına dair xüsusi müzakirə paneli təşkil edilib. Ənənəvi təbabət və müasir tibbi yanaşmaların bir araya gətirildiyi bu sessiyada iştirakçılar ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Uşaqlar üçün isə “Nənənin nağılları” adlı xüsusi proqram həyata keçirilib. Qədim Abşeron nağılları balaca ziyarətçilərə nəql olunub, regionun zəngin folkloru və mədəni irsi tanıdılıb. “Müdriklik Ağacı” və meditasiya guşəsi də festivalın diqqətçəkən məkanlarından biri olub.
Festivalda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları – Meyvəçilik və çayçılıq, üzümçülük və şərabçılıq, əkinçilik, baytarlıq, heyvandarlıq və Bitki Mühafizəsi Elmi-Tədqiqat İnstitutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlarla çıxış ediblər. İştirakçılara bu institutların meyvəçilikdə innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub.
Bununla yanaşı festivalda, tingçilik və bitki mühafizə şirkətləri də öz məhsul və xidmətlərini sərgiləyiblər.
Tədbirdə Aqrar Xidmətlər Agentliyi də iştirak edərək fermerlərə göstərilən xidmətlər – bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər barədə məlumat verib.
Festivalın sonunda Qala Qoruğunun ərazisində əncir tingləri əkilib.
Sonda böyük süfrə başında əncir əsaslı ləzzətli təamlar iştirakçılara təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə