Festivalın bağlanış mərasimi keçirilib...

Nizami Kino Mərkəzində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən festivalın direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tədbir haqqında ətraflı məlumat verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının direktoru Rəşad Əzizov animasiya filmlərinin sayının artmasının və beynəlxalq əməkdaşlıqların qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Böyük Britaniyadan olan münsiflər heyətinin nümayəndəsi Aaron Vood AZƏRTAC-a açıqlamasında Bakıya üçüncü dəfə səfər etdiyini deyib: “Azərbaycana hər gəlişimdə təqdim olunan işlərin keyfiyyətində artımı müşahidə edirəm. Bu il festivalda daha fəal iştirak etmək imkanım oldu. Xüsusilə pişiklərlə bağlı xüsusi nümayişə nəzarət etmək mənim üçün maraqlı təcrübə idi. Animasiya viktorinası iştirakçıları bir araya gətirən, həm əyləncəli, həm də maarifləndirici sosial tədbir kimi diqqət çəkib”,- deyə o əlavə edib.

Sonda qaliblər “Ən yaxşı qısametrajlı animasiya”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya”, “Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya”, “Ən yaxşı qısametrajlı tələbə animasiya”, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və digər nominasiyalar üzrə mükafatlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə