8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub

Sentyabrın 3-də Şirvanşahlar Sarayı Kompleksində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FILM” MMC tərəfindən təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, festivalın açılışının əsas hadisəsi Çexiya, Slovakiya, Sloveniya və Fransanın istehsalı olan “Sehrli bağdan nağıllar” (Tales from the magic garden) animasiya filminin nümayişi olub. 2025-ci il filmi artıq 75-ci Berlin Beynəlxalq Film Festivalında təqdim olunub.

“ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Festivalın açılışına bu qədər insanın gəldiyinə görə çox minnətdaram və özümü xoşbəxt hiss edirəm. Bu il bizə dəstək olan hər kəsə təşəkkür edirəm!”.

“ANİMAFİLM-2025”in mövzusu “Pişiklər”dir. Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film qeydiyyatdan keçib.

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı çərçivəsində animasiya filmlərinin nümayişi, tədbirlər, ustad dərsləri, xarici və azərbaycanlı mütəxəssislərlə görüşlər, təqdimatlar və viktorinalar təşkil olunacaq.

Festival sentyabrın 7-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə