Bakıda “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbir keçirilib - FOTOLAR
Bakıdakı Türk Sənət Akademiyasında türk dünyasından olan bir qrup şair və yazıçıların iştirakı ilə “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Türkiyənin “Dergizan” jurnalının təşkilatçılığı ilə baş tutub.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın aparıcılığı ilə baş tutan tədbiri giriş nitqi ilə Dünya Sənətçilər Dərnəyinin sədri, “Dergizan” jurnalının təsisçisi və baş redaktoru Ramazan Karataş açıb. O, Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin köklərinin dərin və sarsılmaz olduğunu vurğulayıb, bu birliyin yalnız keçmişə deyil, ortaq gələcəyə də xidmət etdiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan Ramazan Karataş hər iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib. O, bugünkü görüşün Türk dünyasının mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişafı, eləcə də ədəbi əlaqələrin zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dərnək sədri iki qardaş ölkə arasında ədəbi körpülərin tarixən güclü əsaslar üzərində formalaşdığını və bu istiqamətdə jurnal nəşrlərinin - xüsusilə “Dergizan”ın aparıcı rol oynadığını söyləyib. Ramazan Karataş “Dergizan” jurnalının yaranma tarixçəsi barədə məlumat verərək, Azərbaycanın tanınmış qələm sahiblərinin şeir və yazılarının mütəmadi olaraq sözügedən nəşrdə dərc olunduğunu bildirib.
Çıxışının sonunda Ramazan Karataş səmimi görüş üçün tədbir iştirakçılarına təşəkkür edib, yaxın gələcəkdə Türk dünyası ölkələrinin nümayəndələrinin iştirakı ilə Türk Dünyası Sənət Festivalının keçiriləcəyini diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam etdirilib.
Daha sonra söz, sənət sahibləri “Dergizan” jurnalında çap olunmuş sevilən şeirlərini səsləndiriblər.
Sonda “Dergizan” jurnalında şeir, məqalə və yazıları çap olunmuş iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fil.ü.f.d. Gülnar Səma da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə