Fransada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim olunub

Qərbi Fransada, La Roşel şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmiz də təmsil olunub. Festivalda ənənəvi mətbəx və mədəniyyət vasitəsilə ölkələrin kulinariyası və mədəniyyəti təşviq edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fransada fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin, eləcə də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Azərbaycan stendi və təqdimatı maraqla qarşılanıb. Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlarımıza, eləcə də milli mətbəximizin qutab kimi dadlı təamına qonaq ediliblər.

Ziyarətçilər coğrafiyamızı və milli atributlarımızı əsk etdirən afişa vasitəsilə ölkəmizlə yaxından tanış olublar. Festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və xalqımızın milli mənəvi dəyərlər sistemində, adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindən olan kəlağayı, eləcə də tar və kamança haqqında ətraflı məlumat verilib. Həmçinin xalqımızın çoxəsrlik mədəni adət-ənənələrindən, milli mətbəximiz və geyimlərimizdən danışılıb. Festivalda Azərbaycan rəqsi təqdim edilib. Rəqs zamanı böyük ekranda Azərbaycanla bağlı videoçarx nümayiş olunub. Təşkilatçılar yüksəksəviyyəli təqdimata görə Azərbaycan səfirliyinə təşəkkür ediblər.

Festivalda Avropa, Afrika və Asiya qitələrindən olan çoxsaylı ölkələrin mədəniyyəti və milli mətbəxi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə