Kəlbəcər Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb

25 Noyabr - Kəlbəcər Şəhəri Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında məlumat bülleteni hazırlanıb. Kitabxanadan SİA-ya bildirilib ki, materialda Kəlbəcər Şəhər Gününün təsis edilməsi və burada aparılan bərpa-yenidənqurma işləri ilə əlaqədar qəbul edilən rəsmi sənədlərin tam mətni, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri haqqında geniş məlumat təqdim edilir. Bülletendə rayonun yaranma tarixi, gözəl təbiəti, əlverişli relyefi, ən qədim insan məskənlərindən biri olması, ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirlərinin mövcudluğu haqqında məlumat verilir.

Materialda Kəlbəcər ərazisində yerləşən faydalı qazıntılar, qızıl, xrom yataqları, civə ehtiyatları, füsunkar təbiətinin ayrılmaz tərkib hissələri olan Alagöllər, Qaragöl, Zalxa gölü, Keşdək, Qarasu, Mozçay kimi mineral yataqları, İstisu mineral su bulağı və onun yaranma tarixi haqqında məlumatlar yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda "Qarabağ dünən, bu gün və sabah" 22-ci elmi-əməli konfransının materialları, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Qarabağ: mülahizələr və düşüncələr”, “Qanı ilə Zəfər yazanlar”, “Kəlbəcər: ömrüm, həyatım” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, 2021-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələri təqdim edilir.

Bundan əlavə, kitabxananın rəsmi saytında yaradılan “Kəlbəcər Şəhəri Günü” elektron resurslar bazasına yeni məlumatların əlavə edilməsi davam etdirilir. Qeyd edək ki, bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Kəlbəcər şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə