Deyirəm, heyf, heyf, heyf. Haradan alım Molla Nəsrəddini ki, gəlib bu İran mollalarının dərsini verə. Axı ondan gözəl tanıyan yox idi mollaları. Dünyanın ən ədalətli mollası idi, Molla Nəsrəddin. Molla deyirik, əslində, Nəsrəddin baba heç də molla deyildi, o, dünyanın ən sanballı, dəyərli, savadlı, uzaqgörən, sözü düz, özü düz xocası idi. Yox, yox, yox, o, molla deyildi. Molla deyirdik, amma molla deyildi, xoca idi. Lakin elə molla deyib durmuşduq, adının önündə molla da qalmışdı.

Haradasan, Molla Nəsrəddin, illərlə dövrünün mollaları ilə mübarizə apardın, çıxdıqları fırıldaqlara, məscidlərdə, mədrəsələrdə dini üzlərinə pərdə edib onun arxasındakı oyunlara gözünü yuma bilmədin. Dedin-dedin, səsini eşidənlər oldu da, olmadı da. Amma elə demisən ki, elə bil indicə demisən.

Haradasan, ay Molla Nəsrəddin, müsəlmanları məscidlərə yığıb elmdən, müasirlikdən uzaqlaşdıran, cəhalətə sürükləyən o mollaların davamçılarını gəl, gör. Gəl ki, görəsən, bir vaxtlar lağa qoyub güldüyün, savadsız, dünyagörüşsüz, mədrəsə əhli adlandırdığın mollalar indi İranda camaatın başına nə divan tutur. Mollalar İranda olub siyasət əhli, xəbərin olsun, Nəsrəddin baba. Hələ orada sən gördüklərinin, görüb də hayqıraraq yazdıqlarının biri də əsla dəyişməyib. Elə necə qoyub getmişdin, eləcə də durur. Hələ üstəlik orada mollalar məsciddən siyasi işlərə qədər qalxıblar. Kaş ki, gəlib görəsən ki, necə bir molla rejimi yaradıblar, bu rejim insanların başına nə kimi oyunlar açır.

Ay Nəsrəddin baba, orada hələ səndən də əvvəlki əsr hökm sürür ey. Ona görə səni arzulayıram. Bilirəm ki, onları ən gözəl sən görə bilərsən. Hələ bunlar bir yana, adlarını guya ki, müsəlman qoyublar. Amma müsəlmanın yox, erməninin arxasında necə dayandıqlarını gəl, gör. Erməninin 30 il işğal altında saxladığı rayonlarımızda məscidlərdə donuz saxlamalarına, oranı murdarlamalarına, bununla tək bizi deyil, bütün müsəlman aləmini təhqir etmələrinə bu molla rejimi əsla reaksiya vermədi, xəbərin olsun. Əşi, belə də müsəlmançılıq olar? Biabırçılıqdır ey bu. Necə olur ki, islam ölkəsində yaşayırsan, müsəlmansan, lakin qonşuluqda olanlara göz yumursan? Göz yumursan yox ey, necə dözə bilirsən? Bu iyrəncliyi necə qəbul edə bilirsən? Kaş ki, gələ bilərdin, Nəsrəddin baba, özün onlara yaxşı bir dərs verərdin. Əsanı çırpardın bu cür müsəlmanların başına, bəlkə oyanardılar, yollarından dönərdilər...

Hələ bunları da deyim, xəbərin olsun ki, işğal altında ikən torpaqlarımızın talanmasında bu molla rejimi nümayəndələrinin erməni ilə əlbir olduqlarına dair də faktlar mövcuddur. Ruhun xəbər gətirməmiş olmaz, əziz Molla Nəsrəddin. Erməninin başına elə bir toy tutduq ki... Düz iki ildir, onları layiq olduqları şəkildə qovub torpaqlarımızı azad etmişik. Zəfərimiz boyda başlarına daş düşüb. Qalıblar altında. İndi bu molla rejiminin nümayəndələri gəlib həmin daşın altından erməni başlarını çıxarmaq istəyirlər. Nə bilim, arxalarında dayanıb ağ bayraq qaldırdıqları zaman üzərlərinə götürdükləri öhdəliklərdən boyun qaçırmaq üçün onları şirnikləndirirlər. Nə bilim ta nələr, ta nələr... Ermənini də yaxşı tanıyırsan da, bir az ki, üz gördü, ta əl çəkmək bitdi.

Haradasan, Nəsrəddin baba, onların öhdəsindən ən gözəl sən gələrdin. Gəlib bunlara bir-iki sual verərdin. Görərdin nə cavab verirlər? Gəlib deyərdin ki, siz həqiqətənmi müsəlmansınız? Bəs müsəlmansınızsa, axı heç vaxt müsəlman birliyi məsələsinə yaxın durmamısınız. Niyə yerinizi tək istəyirsiniz? Nə üçün ermənilərin müsəlman aləminə təhqirini sükutla qarşılamısınız? Axı tarixin lap o üzündə siz mollalar onlara əl uzadıb görüşmək istəyəndə əbanızın ətəyini əlinizə alıb görüşürdünüz ki, əlləri əlinizə dəyməsin. Bəs indi necə olur ki, onlarla nəfəs-nəfəsə oturursunuz?

Heyf, Molla Nəsrəddin, kaş ki, gələ bilərdin. Bütün bu sualları onların sifətinə sillə kimi çırpıb cavabını istəyərdin. Bizlər hamımız veririk bu sualları, lakin sənin tərzində verə bilmərik ki... Kaş ki gələ bilərdin... Deyərdin ki, axı molla hara, siyasi işlər hara? Əşi, dünənədək ölü götürmürdünüz? Heç düzgün də oxuya, tələffüz edə bilmədiyiniz “Quran” ayələri ilə özünüzü din adamı hesab edirdiniz, amma əslində...

Heyf ki, gələ bilmirsən, Nəsrəddin baba. Gəlsəydin, bilirəm ki, düz üzlərinə çırpacaqdın həqiqəti. Bu molla rejiminin nümayəndələrinə deyəcəkdin ki, sizi necə qoyub getmişəmsə, elə o cür də qalmısınız. Köhnə hamam, köhnə tas. Sizin dərdi-səriniz hələ mənim dövrümdən də əvvəlkidir. Sizlərin, ay mollalar dərdi o taylı, bu taylıdır. Çox böyükdür. Lakin anlayın ki, müsəlmançılığınıza qarşı erməninin etdiyi təhqir və sizin nələrə görəsə susmağınız o dərddən də böyükdür. Allah da böyükdür. Şəfanızı verib-verməyəcəyi isə onun, o böyük Allahın məsləhətidir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə